Aİ ölkələri SEPAH-la bağlı mövqeyini sərtləşdirir
Avropa İttifaqına üzv ölkələr İranın İslam İnqilabı Keşikçiləri Korpusuna münasibətdə mövqelərini sərtləşdirərək, qurumun terror təşkilatı kimi tanınması məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, SEPAH-ın terror təşkilatı kimi tanınması onun Yaxın Şərqdə mövcud olan silahlı birləşmələrlə əlaqələrinə ciddi təsir göstərməyəcək:
“Bu bağlantılar heç də şəffaf həyata keçirilmir. Bu dəstək tamamilə mövcud qanun və qaydalara zidd olaraq maliyyələşdirilir. Ona görə də, SEPAH’ın terror təşkilatı kimi tanınmasının Həmas, Hizbullah, Husilər və İraqdakı şiə qrupları arasında mövcud olan fəaliyyətlərinə, dəstəyinə ciddi təsirini gözləmirəm. SEPAH’ın terror təşkilatı kimi tanınması onun digər ölkələrin güc strukturları ilə fəaliyyətinə ciddi təsir göstərəcək. Digər ölkələrin orduları SEPAH’la əvvəlki tempdə əməkdaşlıq edə bilməyəcəklər. Çünki həmin ölkələr də sanksiya təsiri altına düşmək ehtimalı ilə üzləşirlər. Buna görə də, bir çox ölkələr SEPAH’la əməkdaşlıqdan imtina etməli olacaqlar. Təbii ki, SEPAH əvvəlki kimi qonşu və müttəfiq ölkələrin orduları ilə geniş miqyaslı əməkdaşlığı davam etdirə bilməyəcək. Bu səbəbdən, bölgədə SEPAH’ın təsir imkanları zəifləyəcək”.
Verdiyev qeyd edib ki, bu addım hərbi eskalasiya risklərinə təsir etməsə də, iqtisadi və əməliyyat məhdudiyyətlərinə ciddi təsir göstərəcək:
“SEPAH’ın terror təşkilatı kimi elan olunması, hərbi eskalasiya risklərinə təsir etməyəcək. Amma SEPAH’a aid olan bütün bank hesabları, idarəetmə orqanları və digər fəaliyyətlərdə ciddi məhdudiyyətlər hiss ediləcək. İranın müttəfiqləri SEPAH’la əməkdaşlıqdan boyun qaçıra bilərlər. Bundan başqa, ABŞ-nin gözlənilən mümkün zərbələri üçün SEPAH və ona aid olan strukturlar legitim hədəfə çevriləcəklər”.
Fatimə Hüseynli
