Aİ və Ukrayna dron istehsalında birgə əməkdaşlığı genişləndirir
Ukrayna Avropanın ayrılmaz hissəsidir və onun təhlükəsizliyinin möhkəmləndirilməsində getdikcə daha vacib rol oynayır.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevdə ona tarixdə ilk "Avropa" ordeninin təqdim edilməsi zamanı bildirib.
Fon der Lyayen Aİ və Ukrayna arasında müdafiə sənayesi sahəsində yeni tərəfdaşlığın başladığını elan edib. Təşəbbüsün əsas elementi Ukraynanın döyüş təcrübəsini Avropa İttifaqının (Aİ) sənaye potensialı ilə birləşdirəcək pilotsuz aparatların birgə işlənib hazırlanması və istehsalı haqqında saziş olacaq.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı da Ukraynanın üzləşdiyi mövcud vəziyyətin formalaşmasında dolayı tərəflərdən biridir:
“Ukrayna uzun illərdir həm NATO-ya, həm də Avropa İttifaqına inteqrasiya etməyə çalışır. Məhz Rusiyanın qəbul etmədiyi əsas məqamlardan biri də budur. Rusiya Ukraynanın Avroatlantik məkana yaxınlaşmasını öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirərək ona qarşı hərbi müdaxiləyə başlayıb. Bu baxımdan, Avropa İttifaqının bu gün Ukraynaya siyasi, iqtisadi və hərbi dəstək göstərməsi başadüşüləndir. Çünki Ukrayna Avropa dəyərlərinə inteqrasiya istiqamətində seçim edib və Avropa da bu seçimin arxasında dayandığını nümayiş etdirir. Ümumilikdə isə, qlobal güc mərkəzləri arasında gedən geosiyasi rəqabət bu müharibənin əsas səbəblərindən biridir. Rusiya inteqrasiya olunmuş Avropanı özünə rəqib hesab edir və Ukrayna başda olmaqla postsovet məkanındakı dövlətlərin Avropa strukturlarına yaxınlaşmasına həssas yanaşır. Bu münasibəti digər postsovet ölkələrinə qarşı siyasətində də müşahidə etmək mümkündür. Ukrayna Avropa İttifaqına üzv olmaq niyyətini açıq şəkildə bəyan edib və Avropa İttifaqı da bu istiqamətdə siyasi dəstəyini ifadə edir. Lakin üzvlük proseduru kifayət qədər mürəkkəbdir. Xüsusilə də müharibə şəraitində olan bir ölkənin bütün meyarlara qısa müddətdə cavab verməsi asan deyil. Buna baxmayaraq, tərəflər arasında inteqrasiya istiqamətində siyasi iradə və əməkdaşlıq mövcuddur. Bu da gələcəkdə Ukraynanın Avropa İttifaqına üzv olmasını istisna etmir. Ukraynanın döyüş təcrübəsinin Avropa İttifaqını sənaye və texnoloji potensialı ilə birləşdirilməsi məsələsinə gəldikdə isə, bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Sadəcə, hazırda bu əməkdaşlıq daha yüksək mərhələyə keçir. Tərəflər birgə pilotsuz uçuş aparatlarının istehsalını genişləndirməyi planlaşdırırlar. Bu məqsədlə milyardlarla avro həcmində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Belə əməkdaşlıq həm Avropanın müdafiə sənayesinin gücləndirilməsinə, həm də Ukraynanın silahlanmasının və müdafiə qabiliyyətinin artırılmasına xidmət edir. Ümumiyyətlə, hazırda dünyada müdafiə sənayesinə maraq sürətlə artır. Bir çox dövlət silah istehsalını genişləndirir və müdafiə məhsulları qlobal bazarda ən çox tələb olunan sahələrdən birinə çevrilib. Bu baxımdan, Avropa İttifaqı ilə Ukrayna arasında hərbi-sənaye əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi baxımdan tərəflərə ciddi üstünlüklər vəd edir. Xüsusilə pilotsuz uçuş aparatlarının birgə hazırlanması Ukrayna üçün mühüm əhəmiyyət daşıyır. Ukrayna Prezidenti də ölkəsinin artıq milyonlarla dron istehsal etdiyini, gələcəkdə isə bu göstəricini daha da artırmağı hədəflədiyini bildirib. Hesab edirəm ki, bu əməkdaşlıq nəticəsində Avropanın müdafiə potensialı daha da güclənəcək, Ukraynanın hərbi imkanları genişlənəcək və müasir pilotsuz uçuş aparatlarının istehsalı Rusiyaya qarşı müdafiə və əməliyyat imkanlarının artırılmasına töhfə verəcək”.
Güllər Gülhüseynova