00:00:00
Yazar
Admin User
30.12.2025 11:24 93 2 dəq oxuma
Sosial

Ailədə iqtisadi çətinliklərin uşaqların təhsilinə təsiri

Ailədə iqtisadi çətinliklərin uşaqların təhsilinə təsiri

Son illər Azərbaycanda uşaqların təhsilə çıxış imkanları və sosial-iqtisadi vəziyyətin bu prosesə təsiri cəmiyyətin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Xüsusilə aztəminatlı ailələrdən olan uşaqların təhsil imkanlarının hansı səviyyədə qorunduğu, dövlət və ictimai qurumların bu sahədə gördüyü işlərin effektivliyi, eləcə də valideynlərin və cəmiyyətin rolu aktual suallar doğurur.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a sosioloq Elçin Bayramlı bildirib ki, sosial-iqtisadi cəhətdən çətinlik çəkən ailələrdə böyüyən uşaqların təhsil almasına bu amilin həlledici təsiri yoxdur:


“Çünki Azərbaycanda ümumi orta təhsil pulsuzdur və əgər uşağın oxumağa həvəsi, öyrənməyə marağı varsa, o, rahat şəkildə təhsil ala bilər. Üstəlik, müasir dövrdə müxtəlif mənbələrdən bilik əldə etmək imkanları da kifayət qədər genişdir. Yalnız həddindən artıq yoxsul ailələrdə müəyyən problemlər yarana bilər. Məsələn, məktəb ləvazimatlarının və ya məktəb geyimlərinin alınmasında çətinliklər ola bilər, bəzi hallarda isə uşaqlar ailələrinə maddi dəstək vermək üçün işləməyə məcbur qalırlar. Belə hallarda həmin ailələr üçün xüsusi sosial dəstək proqramlarının olması vacibdir. Dövlətin bu istiqamətdə müəyyən proqramları var, eyni zamanda xeyriyyə cəmiyyətləri və ictimai təşkilatlar da kömək göstərə bilərlər. Bütün bunlara baxmayaraq, bu çətinliklər uşağın təhsil almaq həvəsini məhv etməməlidir. Bu gün tanınanvə uğurlu insanların böyük bir hissəsi imkansız ailələrdən çıxıb, çətin şəraitdə böyüyüb, lakin məqsədləri və əzmləri sayəsində uğur qazanıblar. Əgər uşağın məqsədi varsa və valideynlər də müəyyən qədər dəstək göstərirsə, o, yaxşı oxuyacaq və təhsil alacaq. Maddi-iqtisadi çətinliklərin bu gün uşaqların təhsilinə təsiri həlledici deyil. Uşaqları həddindən artıq komfortlu şəraitdə böyütmək də mütləq üstün nəticə vermir. Bahalı məktəblər, bahalı paltarlar və ləvazimatlar təkbaşına uğurun göstəricisi deyil. Əsas olan uşağın daxili motivasiyası və öyrənməyə marağıdır. Əgər bu maraq yoxdursa, heç bir maddi imkan nəticə verməyəcək. Bu baxımdan, valideynlərin uşaqların yalnız görünüşünə və bahalı əşyalarına deyil, onların düşüncəsinə, maraqlarına və mənəvi inkişafına da diqqət yetirməsi çox vacibdir. Əgər biz tam imkansız ailələrə dəstək göstərsək və eyni zamanda uşaqlarda təhsilə maraq formalaşdıra bilsək, cəmiyyətimiz üçün daha sağlam və savadlı nəsil yetişdirə bilərik”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər