Akif Hacıyevin vəfatı ilə əlaqədar rəsmi nekroloq imzalanıb
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Akif Cəfər oğlu Hacıyev 2015-ci il fevralın 3-də ömrünün 78-ci ilində vəfat edib.
Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev 1961–1967-ci illərdə həmin institutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışıb. Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərib. 1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilib. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləyib, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olub.
Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını alıb. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Akademik Akif Hacıyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlar alıb. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülüb.
Allah rəhmət eləsin!
