“Aktyor sənəti bütün peşələrin şahıdır. Allaha ən yaxın adamlar məhz aktyorlardır”-Məmməd Səfa
Əlamətdar günlər rubrikasının yeni mövzusu bugün-25 iyulda doğulan Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, ADMİU-nun professoru və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmməd Səfa haqqındadır. Öncəliklə onu təbrik edir, sağlıqlı uzun ömür və daim uğurlar arzu edirik. Bu münasibətlə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədovanın apardığı araşdırmanı təqdim edirik.
Məmməd Səfa 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olub. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan, 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləyən aktyor, fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirib.
Hazırda Yuğ Teatrının aktyoru Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Professsoru, bu teatrla bağlı bir müsahibədə deyib:
“Azərbaycan tamaşaçısı hara, hansı teatra getdiyinin fərqində olmalıdır. Bütün səhnələrdə tamaşaçının da böyük rolu var. Amma şəxsən mən, mənim üçün gələn tamaşaçıya biganə qala bilmərəm. “Yuğ” teatrının digərlərindən fərqi odur ki, tamaşa çox qısa məsafədən nümayiş olunur. Və aktyorun özünü düzəltməyə, rahatlaşmağa və nələrisə gizlətməyə imkanı olmur. Bu isə aktyordan böyük məsuliyyət tələb edir. Elə bu səbəbdən də aktyor tək ifasına deyil, tamaşaçıya görə də məsuliyyət daşıyır."
Fərqli illərdə Prezident Mükafatına layiq görülən, medalla təltif olunan Məmməd Səfa, 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adını qazanmışdır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
"Üçüncü günün adamı", "Günaydın, mələyim!", "Köpək", "Dolu" və başqa bir çox filmlərdə iştirak edən aktyor, müxtəlif əsas rollarda iştirak edib.
“Aktyor sənəti bütün peşələrin şahıdır. Allaha ən yaxın adamlar məhz aktyorlardır”- bu sözləri əməkdar artist bir müsahibədə sənətindən danışarkən deyib.
Məryəm Məmmədova
