Ali Məhkəmədən media ilə bağlı mühüm plenum qərarı
Ali Məhkəmənin yeni plenum qərarına əsasən, canlı yayımlarda şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq. Bildirilib ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarla əvvəlki plenum qərarı qüvvədən düşüb və şərəf, ləyaqət, işgüzar nüfuz anlayışları yeni hüquqi çərçivədə müəyyənləşdirilib.
Mövzu ilə bağlı vəkil Tural Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, Cinayət Məcəlləsində təhqir və böhtan maddələri vardır ki, əgər şəxsə şərəf və ləyaqəti alçaldılırsa, bu hallar üzrə hüquqları pozan tərəf kimi mülki məsuliyyətdən azad edilmir:
"Həmin plenum qərarı da məhz bu maddələrə aydınlıq gətirmək məqsədilə qəbul edilib. Canlı yayımlarda media subyektlərinin məsuliyyəti planlaşdırılan və mütəmadi hallarda daha qabarıq olur. Ola bilər ki, efirdə proqnozlaşdırılmayan hallar baş versin və kiminsə şərəfi, ləyaqəti, işgüzar nüfuzu alçaldılsın. Bu zaman, media subyekti məsuliyyət daşımır. Lakin mütəmadi şəkildə, silsilə proqramlar zamanı iştirakçıların və ya qonaqların şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə olunarsa, məsuliyyət yaranır. Media subyektinin vəzifəsi bu halların qarşısını almaq və məlumatları düzgün təqdim etməkdir. Əgər video və audio yazı vasitəsilə yayımlanırsa, media subyektinin məsuliyyəti qaçılmazdır”.
Tural Həsənli bildirib ki, plenum qərarı media subyektlərinin məsuliyyətinə aydınlıq gətirir və hüquqları pozulmuş şəxslərin müdafiəsini gücləndirir:
“Əvvəl media subyektinin məsuliyyətinin olub-olmaması qeyri-müəyyən idi. İndi hüquqi pozulan tərəflər plenum qərarı və müvafiq Mülki Məcəllə maddələrinə əsaslanaraq öz hüquqlarını müdafiə edə biləcəklər. Məhkəməyə müraciət edərək media subyektlərinə qarşı da tələb irəli sürə bilərlər".
Fatimə Hüseynli
