00:00:00
Yazar
Nigar Həsənzadə
17.02.2026 22:07 26 4 dəq oxuma
Sosial Özəl

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Ali təhsil müəssisələrində rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə beynəlxalq təhsil proqramına start verilib. Yeni təşəbbüs tələbələrin rəqəmsal bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun müasir kompetensiyaların formalaşdırılması və qlobal təcrübənin yerli ali məktəblərə inteqrasiyasını hədəfləyir.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, rəqəmsal bacarıqlar anlayışı adətən iki səviyyəyə bölünür. Bunlardan biri baza səviyyəsi, digəri isə ixtisaslaşan texnoloji istiqamətlərdir:

 

"Baza səviyyəsində ümumi rəqəmsal savadlılıq öyrədilir, ixtisaslaşan istiqamətdə isə konkret peşə və ya sahə üzrə dərin biliklər verilir. Söhbət sadəcə kompüterdən istifadə etməyi bilməkdən getmir. Əsas məqsəd əmək bazarına real inteqrasiya üçün konkret texnoloji kompetensiyaların formalaşdırılmasıdır. Ümumi rəqəmsal savadlılıq, yəni baza səviyyəsi bütün ixtisaslar üçün nəzərdə tutulur. Buraya ofis və bulud alətləri ilə işləmək, onlayn əməkdaşlıq mühitində fəaliyyət göstərmək, informasiya axtarışı və mənbə analizi aparmaq, rəqəmsal davranış qaydaları və kibergigiyena, həmçinin elementar data ilə işləmək, məlumatın toplanması və ilkin analiz bacarıqları daxildir. Bu bacarıqlar hər kəs üçün vacib rəqəmsal savadlılıq təməlini təşkil edir.

 

Digər model isə süni intellekt və avtomatlaşdırma istiqamətidir. Burada artıq konkret texnologiyalar üzrə dərinlik nəzərdə tutulur: maşın öyrənməsi prinsipləri, süni intellekt alətlərinin tətbiqi və istifadəsi, avtomatlaşdırma və alqoritmik düşüncə, generativ süni intellektin praktik tətbiqi və s. Bu istiqamət xüsusilə texniki və iqtisadi ixtisaslar üçün prioritet hesab olunur. Statistika bu sahədə ən çox tələb olunan istiqamətlərdən biridir. Buraya məlumatların toplanması, təhlili, statistik analiz, vizuallaşdırma və qərarvermə prosesində analitik yanaşma daxildir. Bu artıq sadəcə Excel proqramı ilə məhdudlaşmır, daha geniş analitik sistem və platformaları əhatə edir.

 

Rəqəmsallaşma ilə yanaşı risklər də artır. Şəbəkə təhlükəsizliyi, məlumatların qorunması, risklərin qiymətləndirilməsi, etik idarəetmə və təhlükəsizlik tələbləri aktuallaşır. Bu sahə xüsusilə dövlət və maliyyə sektorunda strateji əhəmiyyət daşıyır.

 

Nəticə etibarilə, bu tip proqramlarda adətən hamı üçün ümumi rəqəmsal savadlılıq, seçilən ixtisaslar üzrə isə süni intellekt, data analitikası kimi dərinləşdirilən modullar tədris olunur. Yəni məsələ yalnız kompüteri bilmək deyil, söhbət əmək bazarının real tələblərinə cavab verən, tətbiq oluna bilən texnoloji kompetensiyalardan gedir.

 

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq proqramlar adətən həm ölkə modeli, həm də institusional tərəfdaşlıq modeli əsasında qurulur. Bu yanaşma yalnız tədrisi deyil, həm də kurikulumun uyğunlaşdırılması, sertifikasiya mexanizmləri və təlimçi hazırlığını əhatə edir. Əsas istinad nöqtələri kimi rəqəmsal təhsil strategiyaları, Erasmus+ proqramı, akademik əməkdaşlıq və mübadilə layihələri göstərilə bilər.

 

Almaniya və Estoniya modelində tətbiqyönümlü təhsil və elektron idarəetmə təcrübəsi ön plandadır. Avropa yanaşması daha çox rəqəmsal kompetensiya sertifikasiyası, strukturlaşdırılmış modul sistemi, akademik mobillik və ikili diplom proqramları üzərində qurulur. Akademik-sənaye tərəfdaşlığına nümunə olaraq Massachusetts Institute of Technology göstərilə bilər, burada süni intellekt və innovasiya laboratoriyaları geniş inkişaf edib. Stanford University isə startap ekosistemi və data elmi istiqamətində tanınır. Eyni zamanda Google və Microsoft kimi şirkətlər  sertifikat proqramları və praktik təlimlər təqdim edir.

 

Amerika modelində universitet-şirkət inteqrasiyası, qısamüddətli, əmək bazarı yönümlü sertifikat proqramları, praktik layihələr və inkubasiya mexanizmləri əsas yer tutur. Türkiyə və regional inteqrasiya modelində isə TÜBİTAK çərçivəsində elmi-tədqiqat və texnoloji layihələr həyata keçirilir, universitetlərin texnopark modelləri və dövlət dəstəyi ilə rəqəmsal transformasiya tədbirləri tətbiq olunur. Bu model daha çox dövlət-universitet koordinasiyası, tətbiqi texnologiya və startap yönümlü təlimlər üzərində qurulub.

 

Asiya modelində, xüsusilə Sinqapur və Cənubi Koreyada, smart kampus infrastrukturu, süni intellektin erkən mərhələdən tədrisə inteqrasiyası və dövlət səviyyəsində milli rəqəmsal strategiyanın tətbiqi diqqət çəkir. Bu model intizamlı sistem və texnologiyanın erkən adaptasiyası əsasında real nəticəyə yönəlir.

 

Belə beynəlxalq proqramlarda əsas məsələ ölkə adlarından çox tətbiqin real olub-olmamasıdır. Kurikulum və kompetensiya səviyyəsində uyğunlaşdırma aparılmalı, təlimçi hazırlığı xarici ekspertlərlə həyata keçirilməli, sənaye tərəfdaşlığı qurulmalıdır. Əsas sual budur: bu təcrübə real laboratoriya, praktik layihə və sertifikat mexanizmi ilə tətbiq olunacaqmı, yoxsa sadəcə memorandum səviyyəsində qalacaq?

 

Rəqəmsal bacarıqlar proqramının real dəyəri onun adında deyil, məzunların keyfiyyətində və transformasiyasında özünü göstərir. Burada əsas fərq diplom yox, kompetensiya mərkəzli hazırlıqdır. Ən böyük dəyişiklik nəzəriyyədən praktikaya keçiddir. Tələbələr real tapşırıqlar üzərində işləyir, komanda ilə problem həll edir, prototip və məhsul hazırlama bacarığı qazanır, portfel formalaşdırır. Bu yanaşma tələbəni sadəcə imtahan verən deyil, məhsul yaradan şəxsə çevirir.

 

Əmək bazarında artıq diplomdan çox konkret bacarıq tələb olunur. Süni intellekt, data analitikası və kibertəhlükəsizlik kimi sahələr sürətlə genişlənir. Bu proqramlar avtomatlaşdırmaya uyğun peşələrə hazırlıq verir, analitik düşüncə formalaşdırır, uzaqdan və qlobal əmək bazarına çıxış imkanlarını artırır. Ən vacibi isə tələbə mövcud peşəyə deyil, hələ tam formalaşmayan gələcək peşələrə uyğunlaşma qabiliyyəti qazanır.

 

Bu yanaşma universitet-əmək bazarı boşluğunu azalda bilər. Əgər proqram sənaye tərəfdaşlığı ilə qurularsa, tələbələr real şirkət problemləri üzərində işləyər, təcrübə və mentorluq imkanları əldə edər, sertifikatlar əmək bazarında tanınar. Bu zaman "təcrübəm yoxdur" anlayışı yerini "real layihə təcrübəm var" yanaşmasına verər.

 

Lakin bir vacib məqam var: proqramın effektiv fəaliyyəti üçün laboratoriya və texniki infrastruktur təmin olunmalı, müəllim heyəti real texnoloji bazarlarla uyğunlaşmalı və onları mənimsəməlidir. Qiymətləndirmə test əsaslı deyil, layihə əsaslı aparılmalıdır. Əks halda, bu təşəbbüs sadəcə formal kurs formatında qalacaq və sistemli dəyişiklik yaratmayacaq. Mənim bu məsələ ilə bağlı düşüncələrim bunlardır".

 

Ədilə Hüseynzadə

#ali #beynəlxalq #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər