00:00:00
Yazar
Admin User
19.12.2025 17:38 75 2 dəq oxuma
Sosial

Ali təhsildə keyfiyyət artımı üçün tələbə sayı optimallaşdırılacaq

Ali təhsildə keyfiyyət artımı üçün tələbə sayı optimallaşdırılacaq

 


Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbə sayına bağlıdır. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, qəbul planını optimallaşdırmaq və hər tələbəyə düşən resursu artırmaqla universitetlərdə təhsilin keyfiyyətini yüksəltmək mümkündür. O, uzunmüddətli strategiyanın ali təhsil və elm arasında əlaqəni gücləndirəcəyini vurğulayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki, Universitetlərin büdcəsinin tələbə sayından asılı olması son illərdə dəfələrlə gündəmə gələn məsələlərdəndir:

 

“Bu il isə ilk dəfə olaraq Neft və Sənaye Universiteti bakalavr tələbələrinin sayını azaltmağı, əvəzində magistratura pilləsi üzrə qəbulu artırmağı planlaşdırdığını açıqlayıb. Əslində bu yanaşmanın beynəlxalq təcrübədə çoxsaylı nümunələri mövcuddur. Məsələn, dünyaca məşhur Amerika universitetlərindən biri olan Harvard Universitetində bakalavr səviyyəsində qəbul ümumi tələbə sayının cəmi 15-20 faizi təşkil edir, əsas üstünlük isə magistratura və doktorantura təhsilinə verilir. Bunun əsas səbəbi elmi tədqiqat və innovasiya fəaliyyətlərinin daha yüksək maliyyə gəliri gətirməsidir. Təbii ki, təhsilin inkişaf strategiyasına uyğun olaraq qəbul planları müəyyən edilir və bu planların artırılması zamanı prioritet daha çox məzunların məşğulluq səviyyəsinin yüksək olduğu ixtisaslara yönəldilir. Xüsusilə texniki və texnoloji sahələr üzrə qəbul sayı artırıldıqda, əgər tədrisin səviyyəsi və keyfiyyəti yüksəkdirsə, məzunlar əmək bazarında iş tapmaqda çətinlik çəkmirlər. Bu baxımdan cənab nazirin də qeyd etdiyi kimi, əsas diqqət tələbə sayının artırılmasına deyil, təhsilin keyfiyyətinə yönəldilməlidir. Eyni zamanda universitet büdcəsinin artırılmasında elm və innovativ fəaliyyətlərdən əldə olunan gəlirlər əsas rol oynamalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, təhsil haqqından əldə olunan gəlirlər universitetlərin ümumi büdcəsinin cəmi 20-30 faizini təşkil edir. Qalan hissə isə elmi tədqiqatlar, innovativ layihələr, müxtəlif xeyriyyə fondları və məzun ianələri hesabına formalaşır. Elmi tədqiqat və innovasiya fəaliyyəti həm alimlər, həm də universitetlər üçün yüksək dəyər və potensial gəlir yaradır. Bu zaman tədqiqat işləri kommersiyalaşma istiqamətində inkişaf edir. Məhz real sifariş və tələbat olan sahələrdə magistratura və doktorantura pillələri üzrə tələbələr cəlb olunur. Onların yaratdığı dəyər isə iqtisadiyyatda real qarşılıq tapır. Bu yanaşma universitetlərdə qəbulun kəmiyyət baxımından deyil, daha keyfiyyətli tələbələrin seçilməsi istiqamətində formalaşdırılmasını zəruri edir “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər