Alimlərdən həyəcan təbili
Son onilliklərdə doğulan insanlar əvvəlki nəsillərlə müqayisədə psixotik pozğunluqlarla, o cümlədən şizofreniya ilə daha tez-tez və daha gənc yaşda üzləşirlər.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, hər bir faktor özlüyündə bir-biri ilə qarşılıqlı təsirdədir:
“Sosial media şizofreniyaya dolayı yolla təsir edir. Məsələn, insanlar arasında canlı ünsiyyət azalır, mesajlaşma ön plana keçir. İnsanlar öz daxili dünyalarında yaşadıqları çatışmazlıqları başqalarının həyatında tamamlanmış kimi gördükdə qısqanclıq, stress və yuxu ritminin pozulması kimi hallar ortaya çıxır. Bir sözlə, sosial media şizofreniyanı yaratmır, lakin psixotik meyilli şəxslərdə bu epizodların daha tez baş verməsinə səbəb ola bilər.
Şəhər həyatının da müəyyən təsirləri mövcuddur. Şəhər mühitində xroniki səs-küy çoxdur, insanlar çox olsa da, ünsiyyət azdır. Harada yaşamağımızdan asılı olmayaraq, istər sosial media, istərsə də şəhər həyatı şizofreniyanı yaratmaqdan daha çox, əgər genetik olaraq şizofreniyaya meyillilik varsa, stress, yorğunluq və yuxusuzluq vasitəsilə onun üzə çıxmasına səbəb olur.
Hazırkı dövrdə insanlar özlərini narahat hiss etdikdə həkimə daha rahat müraciət edə bilirlər. Bu da bəzən psixotik hallarının artdığı təəssüratını yaradır. Artıq daha erkən yaşlarda psixotik epizodlar müşahidə olunur. Bunun əsas səbəbləri stress, xroniki stress, yorğunluq, yuxusuzluq, depressiya və yaşanan həyat hadisələrinin psixikanı daha erkən yaşda təsirləndirməsidir.
Hər kəsin orqanizmi psixosomatik olaraq fərqli reaksiya verir. Bu fərqlilik həkimə müraciət səbəblərinin də müxtəlif olmasına gətirib çıxarır. Bir müraciət zamanı müxtəlif fərqli epizodlar müşahidə edilə bilər.
Maarifləndirmə psixotik halları tamamilə aradan qaldırmır. Lakin əlamətləri izah etməklə, erkən müdaxilənin həyat keyfiyyətini artırdığını vurğulamaqla və ağırlaşmış psixozlar barədə məlumat verməklə bu hallarının qarşısını qismən almaq mümkündür. Bilməliyik ki, şizofreniya genetikdirsə, onu tamamilə yox etmək mümkün deyil, lakin yarana biləcək fəsadları azaltmaq mümkündür.
Əgər məktəb dövründən etibarən qorxular, utancaqlıq, stress və narahatlıqlar hiss edilirsə, erkən müdaxilə ilə bunun qarşısını almaq olar. Əlamətləri qorxuducu formada təqdim etməməliyik. Əksinə, psixotik simptomları sadə və anlaşılan dildə insanlara izah etməliyik. Valideynlər erkən əlamətləri tanımağı öyrənməlidirlər.
Erkən yanaşma və özünü tanıma ən güclü qoruyucu faktordur”.
Selcan Xudiyeva
