00:00:00
Yazar
Mayıl Soltan
17.02.2026 00:49 46 2 dəq oxuma
Hadisə Özəl

"Allah erməninin bəlasın versin, ağlar qoydu milləti" - Qardağlı faciəsinin canlı şahidi danışdı

"Allah erməninin bəlasın versin, ağlar qoydu milləti" - Qardağlı faciəsinin canlı şahidi danışdı

17 fevral 1992‑ci il… Bu tarix təkcə bir gün deyil, bir qəlbin, bir məmləkətin dərdini daşıyan gündür. Qaradağlı kəndi Xocavənd rayonunun dağətəyi ərazisində yerləşirdi. 800‑ə yaxın sakini olan adi bir kənd, sadə insanlar, uşaq qəhqəsi, axşam saatlarında bir‑birinə qonaq gedən qonşular… Bütün bunlar birdən‑birə qaranlıq duman kimi dağıldı. 

Erməni silahlı qüvvələri uzun mühasirədən sonra 15 fevral səhərindən hücuma keçdilər və iki gün gedən çətin döyüşlərdən sonra 17 fevralda kənd işğal edildi. Dinc insanlar - qadın, uşaq, qoca silahlı düşmən qarşısında aciz qaldı. 

Kənddə olan 118 nəfər əsir götürüldü, onların çoxu amansızcasına qətlə yetirildi. 68 nəfər öldürüldü, 50‑si böyük çətinliklə azad edildi, amma azadlıq baxışları heç vaxt əvvəlki kimi olmadı. Bu insanların içində 10 qadın və 2 məktəbli uşaq da var idi.

Hadisənin canlı şahidi olan 68 yaşlı Məryəm xanım "İnformator.az"a həmin günün çətinliyindən, ağrı-acısından bəhs edib:

 

"İndiki kimi yadımdadır, dumanlı bir səhər idi. Evdəki odun sobasının yanacağı da bitmişdi, ev də soyuq - buz kimi idi. Birdən güllə, qışqırıq səsi gəldi. Tez qapını açıb çölə çıxdım, hər kəs çöldə idi. Uşaqlar da elə bu səsə oyandılar. Qapı qonşumuz Mehriban adlı bir xanım da vad idi, elə adı kimi özü də mehriban idi. O mənə ermənilərin kəndə girdiyini, hər kəsi gülləbəran etdiklərini dedikdə ağlayıb Allaha yalvarmağa başladım. Sanki Allah səsimi eşidib mən və övladlarımı o bəladan sağ çıxardı. O gündən sonra qonşum Mehribandan da bir səs çıxmadı. Bilmirəm, ölüb, yoxsa yaşayır. Kaş ki bu hadisələr olmasaydı, kaş ki qan tökülüb, insanlardan göz yaşı axmasaydı. Eh, onda mənim 34 yaşım var idi, yoldaşımı iki il olardı ki, itirmişdim. Ondan qalan xatirələr də o evdə yanıb kül oldu. Şükür ki, bu gün Qarabağ azaddır. Bu gün o faciədə ölənlərin ruhu şaddır. Allah erməninin bəlasın versin, ağlar qoydu milləti, lakin 44 Günlük Müharibədə biz onları ağlar qoyduq, qanımız yerdə qalmadı. Allah şəhidlərimizə rəhmət etsin, Amin !".

 

Biz də öz növbəmizdə "İnformator.az" olaraq "Qaradağlı" faciəsində şəhid olan hər bir azərbaycanlıya Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

 

Mayıl Soltan

 

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər