Almaniyanın Ukrayna üçün PUA istehsalı Berlin-Moskva münasibətlərini daha da gərginləşdirə bilər
“Bu addım Rusiyanın Almaniyaya qarşı siyasi və hibrid təzyiqlərini artırmasına səbəb ola bilər”.
Mövzu ilə bağlı "İnformator.az" açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Almaniyada Ukrayna üçün 5 mindən çox kamikadze PUA-sının (Pilotsuz Uçuş Aparatının)istehsalına başlanması Berlinin Kiyevə dəstəyinin yeni və daha praktik mərhələyə keçdiyini göstərir:
“Moskva bu qərarı Almaniyanın müharibədə iştirak səviyyəsini artırması və Rusiyaya qarşı hərbi potensialın formalaşdırılmasına birbaşa töhfə verməsi kimi qiymətləndirə bilər. Onsuz da Ukrayna müharibəsi, sanksiyalar və Almaniyanın Kiyevə silah göndərməsi səbəbindən iki ölkə arasındakı münasibətlər son dərəcə gərgindir. Bu addım siyasi dialoqu daha da məhdudlaşdıra, qarşılıqlı ittihamları və diplomatik təzyiqləri gücləndirə bilər”.
Politoloq qeyd edib ki,Bununla belə, PUA-ların Ukrayna üçün istehsal edilməsi Almaniyanın avtomatik olaraq müharibənin birbaşa tərəfinə çevrilməsi demək deyil.
Berlin qərarını Ukraynanın özünümüdafiə hüququnun və Avropa təhlükəsizliyinin qorunması ilə əsaslandıracaq. Rusiya isə Almaniyanın hərbi sənaye müəssisələrinə, iqtisadi maraqlarına və siyasi mövqelərinə qarşı müxtəlif cavab tədbirləri görə, həmçinin Berlinə yönələn informasiya və hibrid təzyiqi artıra bilər. Nəticədə bu qərar Almaniya–Rusiya münasibətlərində yaxınlaşma imkanlarını daha da zəiflədəcək və qarşıdurmanın uzunmüddətli xarakter almasını sürətləndirəcək.
Nurgün Qənizadə