Amnistiya təşəbbüsü dövlət–vətəndaş etimadını gücləndirəcək
Dekabrın 22-dən etibarən Azərbaycanda genişmiqyaslı Amnistiya aktının icrasına başlanılır. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclisin qəbul etdiyi qərara uyğun olaraq minlərlə məhkum cəzadan azad ediləcək, yaxud cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Amnistiya aktı humanizm və sosial ədalət prinsiplərinə əsaslanaraq müxtəlif sosial və həssas kateqoriyalara aid şəxsləri əhatə edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "İnformatora.az"a açıqlamasında bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü, dövlətimizin gücünü, humanist dəyərlərə sadiqliyini və hüquqi dövlət prinsipinə verdiyi ali önəmi bir daha aydın şəkildə nümayiş etdirir:
"Amnistiya aktı, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin humanizm ənənələrinə, dövlətçilik fəlsəfəsinə və Azərbaycan Respublikasının Konstitusiyasının ali hüquqi prinsiplərinə söykənir. Heç şübhəsiz ki, humanist mahiyyət daşıyan təşəbbüs həm də suverenliyimizin hüquqi və mənəvi məzmun daşıdığını bir daha təsdiq edir. Təşəbbüs eyni zamanda Möhtərəm Cənab Prezident İlham Əliyevin söykəndiyi və həyata keçirdiyi humanizm, mərhəmət və sosial ədalətə sədaqət nümunəsidir. Hazırda icrasına başlanılan amnistiya aktı həm say, həmdə əhatə dairəsinə görə ən böyük təşəbbüsdür. Göründüyü kimi, ilk olaraq bir neçə qadın məhkum azadlığa buraxıldı və onların içində məhz yanında azyaşlı övladı olanlarda vardı. Bu həmdə o körpələrin həyatında yeni səhifənin açılması deməkdir".
Həmçinin deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə şəhid ailələrinin və müharibə nəticəsində zərər çəkmiş vətəndaşların sözügedən amnistiya aktında nəzərə alınması dövlətin öz vətəndaşına verdiyi yüksək dəyərin bariz göstəricisidir:
"Bu yanaşma Zəfər və suverenlik anlayışlarının mənəvi və hüquqi mahiyyət daşıdığını önə çəkir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə göstərdiyi mütərəqqi və humanist təşəbbüslər nəticəsində bir neçə amnistiya aktı qəbul edilmişdir. Əminəm ki, iyirmi mindən artıq şəxsi əhatə edəcək amnistiya təşəbbüsü dövlət–vətəndaş münasibətlərində yeni etimad mərhələsi yaradacaq, cəmiyyətdə sosial həmrəyliyin güclənməsinə, hüquq sisteminə inamın daha da güclənməsinə mühüm töhfə verəcəkdir".
Xumar Emilqızı
