00:00:00
Yazar
Admin User
19.12.2015 12:30 1410 5 dəq oxuma
Sosial

Ana,mənə layla de…

İnformator.az Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Nəzrin Rüstəmovanın yazısını təqdim edir.
Ana,mənə layla de…

İnformator.az Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Nəzrin Rüstəmovanın yazısını təqdim edir.

Gözyaşları donmuşdu gözlərində. Əlləri buz bağlamışdı sanki. İçindəki kədəri,acıyı hamıdan gizlətməyə çalışsa da,nə qədər güclü görünmək istəsə də, həyatın ona oynadığı oyun qarşısında aciz qalmışdı bədəni. Ağzını açıb danışmaq isə ağlının ucundan belə keçmirdi. Fırtınanın təsirindən bir anın içində on il qocalmışdı zahirən. Heç kim ona yaxınlaşmağa,tək kəlimə soruşmağa belə cürət etmirdi. Tərpənmədən bir neçə saat olduğu yerdəcə qaldı. Payız fəsli olduğundan yağışların ardı arası kəsilmirdi. Gözlərini zilləyib yağmur damcılarına baxırdı ara-sıra. Birdən kimsənin gözləmədiyi bir şəkildə bütün gücünü toplayıb ayağa qalxdı ve çölə çıxdı. 


Gözyaşları yağan yağmura qarışdı. Səki boyunca asta addımlarla addımlamağa başladı. Havanın,yağmurun xətrinə dəyməkdən qorxurmuş kimi atırdı növbəti addımı. Uşaqlıqdan kimsəsi olmayan bir tanışı var idi, küçənin qurtaracağında taxta parçalarından düzəldilmiş daxmanı xatırladan evdə qalırdı. Təsadüf nəticəsində tanış olmalarına baxmayaraq heç kəslə bölüşə bilmədiyi sözlərini bölüşərdi onunla. Oturub dərdləşərdilər çox vaxt. Nəhayət, gəlmək istədiyi yerə çatdı. Dostu onun necə vəziyyətdə olduğunu üz-gözünü bürümüş səssiz fəryaddan anladı ve yağışdan islanmış döşəməsində yer edib onu orada otuzdurdu. Dillənib nə baş verdiyini soruşmaq istəyirdi ki,qız qızarmış gözlərini əli ilə ovuşdurub nələr olduğunu danışacaqmış hissi yaradaraq acı hüzünlə sözlərinə başladı:

\"Kaş kimsəsiz olaydım, kaş nə anam olaydı, nə də atam. Eybi yox, isti evim də olmazdı. İstəməzdim digərləri kimi məktəbə,universitetə getməyi. Küçələrdə yataydım. Əl açıb dilənəydim, söyərdilər bütün dilənçilər yalançıdır deyib arxamdan, yazıqları gələydi mənə. Bahar kimi qarda, boranda donub öləydim küçələrdə. Kaş bilməzdim ana qayğısı nə deməkdi. Bütün gün yalvaraydım Allaha ki, anamın adını bilim bəsdi. Eybi yox,ayaqqabılarımda olmazdı soyuqda ayaqlarımı qorumağa. Əlcək də istəmirəm,qoy donaydı əllərim ana həsrətindən. Ağlıyanda gözümün yaşını silənim,ağrıyanda canına qurban deyənim,gec gələndə narahat olanım,çayımı belə əlimə süzüb verənim olmazdı kaş. Paltarlarımı yağış yuyardı eybi yox. Onun bunun sözünü götürə-götürə minnətnən çörək yeyərdim, ondanda eybi yox. Möhtac qalaydım şirin sözə,nevazişə. Möhtac qalaydım ana sevgisinə. Can verəydim küçənin ortasında. Dərdimə yanan,axramdan ağlayanım olmazdı kaş. Kaş kimsəsiz doğulaydım. İncimə dostum,mənim gözümdə bu an sən ən şanslı insansan. Bilirsən niyə? Saçının telinə zərər gəlsə canımdan can qopan anam gözlərimin önündə can verdi bu gün. Son nəfəsini hələdə üstümdə daşıyıram. Kaş kimsəsiz olaydım. Kaş bilməyəydim ,tanımayaydım anamı. Görməyəydim üzünü. Bir ömür möhtac qalaydım sevgisinə. Yetər ki, qulaqlarım onun son nəfəsini eşitməyəydi.

Kar doğulaydım... Əlil olaydım... Hissiyyat üzvlərimi itirəydim kaş...

Gözlərim bir ömür qaranlığa məhkum olaydı. Dilim söz tutmayaydı,danışmağı nəsib etməyəydi tanrı mənə. Allah mənə sevəcək qəlb,dərk edəcək beyin,anlayacaq baş verməyəydi. Bax, indi nömrəsi qalıb telefonumda. Hər dəfə gec gələndə zəng edib xəbər verərdim. İndi kim açacaq o telefonu anamın yerinə? Kim can qızım deyəcək mənə? Evə gedəndə balaca nəsə olsa belə alıb aparardım özümlə,bilirəm çünki,o ən xırda surprizlərə belə sevinərdi. İndi kim sevinəcək onun yerinə? Hələ evimizi demirəm. O isti evimizi. O evdə bundan sonra necə qalacağımı,yaşayacağımı düşün. De mənə,heçkimsəsi olmadan tək daxmada qalmaqmı daha çətindir,yoxsa illərdi ananın nəfəsi çökmüş evdə, bir daha o nəfəsə həsrət yaşamaqmı? Hansı ki, o evdə həm də canının son nəfəsini duymusan,ömründən ömür gedib. O evdə yıxıblar dünyanı başına.

De ,indi hansı daha dözülməzdi? Hansı daha əzabvericidi?

De, ağlımı,dərrakəmi itirməmək üçün bir səbəb de mənə,yalvartma məni. Bir, sadəcə bir səbəb istəyirəm axı səndən. Onun nəfəsini duymadan,ayaqlarının səsini eşitmədən necə vuracaq axı ürəyim?  İndi onu çiyinlərinə alıb dəfn etməyə aparırlar. O,torpaq dedikləri, bütün sevdiklərimizi əlimizdən alan yerə tapşıracaqlar onu. Amma mən burda sənlə oturub söhbət edirəm.

Getmədim... Gedə bilmədim...

Çünki birazdan ziyarət edəcəm onu. Hər kəs onu tək qoyanda,hamı yağışda islanmasın deyə evinə çıxıb gedəndə gedəcəm anamın yanına. Qoy mən islanım,eybi yox. Qoy məni diri-diri tapşırsınlar o anamı udan,düşmən torpağa. Yağışın damlasına qarışıb qalım onun dizlərinin dibində. Baş daşını qucaqlayıb hönkür-hönkür ağlayım. Fəryadıma,naləmə yığışıb gəlsin bütün insanlar. Danışım onunla. Axı ona deyəsi,soruşulası sözlərim var. Ən əsasda istədiyim bir şey var ondan.

Məzarına yaxınlaşıb nələr deyəcəm bilirsən? Hara getdin axı ana? Məni bu şərəfsiz dünyada qoyub hara getdin? Bəs canından çox sevirdin məni? Canımı alıb hara apardın axı? Bəs mənə ziyan gəlsə məndən öncə sən pis olardın, noldu bəs,  Ana?

Bax qızın heç yaxşı deyil. Axı sən demişdin nə zaman yaxşı olmasan ana de yetər. Ana deməkdən canımda taqət qalmadı ana! Hardasan axı? Bax,qızın gözlərinin önündə məhv olub gedir,sənin getdiyin kimi. Mən heçnə edə bilmədim. Saxlaya bilmədim səni getməyəsən deyə. Sən saxla ana,məhv olmağıma seyirci qalma. Mənim qaldığım kimi. Sən öyrətmişdin mənə sözünün ağası olmağı. Niyə öz sözünün arxasında durmadın ana? Niyə arxana belə baxmadan getdin? Yuxum gəlir anacan. Əbədi yatmaq istəyirəm. Sənin mənə borcun da var ana. Sənin mənə layla borcun var. Getmə,gedə bilməzsən. Ana,mənə layla de. Oxşa saçlarımı,başımı dizlərinin üstünə qoyum. Əlinlə üzümə sığal çək. Ana,mənə layla de. Gel,öp üzümdən. Axı qızın yaxşı deyil. Axı qızının sənə ehtiyacı var. Apar məni özünlə. Razıyam dörd tərəfli taxta parçasının içində bir ömür uyuyum səninlə. Söz verirəm heç səsimi belə çıxartmaram ana. Sakit,səssizcə başımı sinənə qoyub yataram bir ömür. Yetər ki,mənə də yer ver yanında. Bir yerdə göz yumaq həyatın şərəfsizliklərinə. Yalvarıram məni burda qoyub getmə. Ana,mənə layla de. Razıyam,dörd tərəfli taxta parçasının içində bir ömür uyuyum səninlə”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər