00:00:00
Yazar
Güllər Gülhüseynova
20.07.2026 17:31 55 2 dəq oxuma
Siyasət

Ankara Yunanıstana etiraz edib- Qərbi Frakiyada türk məktəblərinin bağlanması qəbulolunmazdır

Ankara Yunanıstana etiraz edib- Qərbi Frakiyada türk məktəblərinin bağlanması qəbulolunmazdır

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın şagird sayının azlığını bəhanə edərək Qərbi Frakiya Türk Azlığına məxsus daha 8 ibtidai məktəbi bağlamaq qərarını kəskin şəkildə qınayıb.

 

Bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli açıqlama verib. O bildirib ki, bu son qərarla regionda türk azlığına məxsus ibtidai məktəblərin sayı 76-ya enib.

 

Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Yunanıstandakı türk azlığına rəsmi Afinanın münasibəti uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir:

 

“Tarixi hadisələrin təsiri nəticəsində Yunanıstandakı türk icması zaman-zaman Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunan amilə çevrilib. Halbuki Türkiyədə yaşayan yunan icması tarix boyu bu cür ayrı-seçkilik siyasəti ilə üzləşməyib. Görünür, Yunanıstan tarixi hadisələrdən dərs çıxarmaq əvəzinə, onları siyasi məqsədlər və qarşıdurma üçün alətə çevirməyə üstünlük verir. Birinci Dünya müharibəsindən sonra baş verən sərhəd dəyişiklikləri nəticəsində Qərbi Frakiya Yunanıstanın tərkibində qaldı və həmin ərazidə yaşayan türk icması azlıq statusunda fəaliyyətini davam etdirdi. Həmin dövrdən etibarən Qərbi Frakiyada yaşayan türklər Yunanıstan hakimiyyətinin ayrı-seçkilik xarakterli siyasəti ilə üzləşdiklərini bildirirlər. Bu məsələ dəfələrlə beynəlxalq təşkilatların gündəminə çıxarılsa da, türk azlığının hüquqları ilə bağlı narahatlıqların tam aradan qalxdığını söyləmək mümkün deyil. Son dövrlərdə Türkiyə-Yunanıstan münasibətlərində müşahidə olunan gərginlik də bu məsələyə əlavə həssaslıq gətirib. Yunanıstanın Kipr və İsraillə müdafiə sahəsində əməkdaşlığını genişləndirməsi, həmçinin Avropa institutlarında Türkiyə ilə bağlı qəbul edilən bəzi qərarlarda fəal mövqe tutması Ankarada narahatlıqla qarşılanır”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, bunlar onu göstərir ki, bəzi siyasi dairələr keçmişdə qalmalı olan tarixi məsələləri müasir siyasi məqsədlər üçün istifadə etməyə davam edirlər:

 

“Bu isə regionda, xüsusilə Türkiyə-Yunanıstan münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə mənfi təsir göstərir. Türkiyə hazırkı mərhələdə bölgədə sabitliyin və dialoqun qorunmasının vacibliyini vurğulayır. Bu baxımdan Yunanıstanın həm ölkə daxilində türk azlığına münasibəti, həm də regional siyasətdə atdığı addımlar gələcək əməkdaşlığın perspektivləri baxımından müzakirə mövzusu olaraq qalır. Yunanıstan hakimiyyəti milli azlıqları tarixi mübahisələrin davamı kimi deyil, müasir demokratik cəmiyyətin ayrılmaz hissəsi və regional sülhün təmin olunmasında mühüm amil kimi dəyərləndirməlidir. Dünyanın əksər demokratik ölkələrində milli azlıqların hüquqlarının qorunması fundamental prinsip hesab olunur. Qərbi Frakiyada yaşayan türk icmasına da beynəlxalq hüququn və insan hüquqları standartlarının tələblərinə uyğun münasibət göstərilməsi bölgədə etimadın və sabitliyin möhkəmlənməsinə töhfə verə bilər. Əks halda, Türkiyə-Yunanıstan münasibətlərində mövcud problemlərin dərinləşməsi riski qalacaq”.

 

Güllər Gülhüseynova

#Yunanıstan #Türkiyə #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər