Anonimlik fenomeni
Sosial media müasir dövrümüzün ən təsirli kommunikasiya vasitəsidir. Günümüzdə çox müzakirə olunan fenomenlərdən biri də anonimlikdir.
Anonimlik insanlara görünməzlik pərdəsi altında ifadə azadlığı verir. Hər kəs özünü təhlükəsiz hiss edərək fikirlərini paylaşır, tənqid edir və ya özünü başqalarına ideal göstərməyə çalışır. Bu, bəziləri üçün həqiqətən öz güvənin artmasına səbəb olur. Sosial mediada anonim hesablarla yazılan mesajlar, edilən rəylər, hətta bəzi müzakirələr çox vaxt reallıqda deyilməyəcək fikirləri ortaya çıxarır, ancaq bu “öz güvən” həmişə müsbət nəticələrə gətirib çıxarmır. Sosial media şirləri kimi tanınan anonim istifadəçilər bəzən insanları incidir, təhqir edir və nifrət toxumları səpir. Bu davranışlar həm cəmiyyətə, həm də fərdlərin psixologiyasına ciddi təsir göstərir.
Maraqlıdır ki, reallıqda susan, qapalı və utancaq olan insanlar sosial mediada anonimlikdən istifadə edərək “qəhrəmanlara” çevrilirlər. Bu fenomen göstərir ki, anonimlik insan təbiətinin gizli tərəflərini üzə çıxarmaqda böyük rol oynayır.
Anonimlik cəmiyyətdəki məsuliyyət hissini yox edə bilərmi? Yoxsa bu, sadəcə, özünü ifadə etmənin yeni bir yoludur?
Mütəxəssislər deyir ki, balansı qorumaq vacibdir. Sosial medianın gücündən düzgün istifadə etmək həm fərdlərə, həm də ümumilikdə cəmiyyətə faydalı ola bilər. Unutmayaq ki, hər bir “şir” üçün, reallıqda bir insan var - səhvləri və hisləri ilə.
Ayxan Məlikzadə
