Antiterror əməliyyatı sonrasında regionda yeni reallıqlar
35 il əzəli torpaqlarımızda qondarma hakimiyyət quranlara 10 noyabr bəyanatından sonra ərazilərimizi tərk etmək üçün şans verilsə də, təslim olmayacaqlarını, reinteqrasiya başlamaq üçün addım atmamalarını nümayiş etdiriblər. Sonuncu təxribatlar isə Azərbaycanın lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə vadar etdi. Separatçılara isə ağ bayraq qaldırmaqdan başqa yol qalmadı. İndi regionda yeni reallıqlar var.
Azərbaycan tarixinə zəfər adı altında yazılan daha bir hadisəyə şahidlik edirik. Artıq ölkəmizin ərazisində 30 ildir hökm sürən separatizmə son qoyulub. 31 il əvvəl Xankəndindən vətəndaşlarımıza qarşı amansızlıqlar edən ermənilərə humanistliyi, sülhpərvərliyi nümayiş etdiririk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında hər zaman Qarabağdakı erməni əhalisinin bizim vətəndaşlarımız olduğuna vurğu edib: “Erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları girov götürüb, onların beyinlərini zəhərləyib. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurub, beyinlərini zəhərləyib”.
Ölkə başçısının əhaliyə son müraciəti Ermənistanı himayə edənlərə, ərazi bütövlüyümüzə qarşı olanlar, separatizmi dəstəkləyənlərə açıq- aşkar mesaj idi. Azərbaycan suverenlik, ərazi bütövlüyü məsələsində heç kəsə güzəştə getmək fikrində deyil.
Politoloq Əziz Əlibəyli prezidentin çıxşının ən doğru yanaşma olduğunu bildirib: “Ən önəmli yanaşma buydu. Bu çıxış dünyanın müxtəlif ölkələrinə mesajlarla dolu bir çıxış idi. Azərbaycanın suveren ərazisində yalnız bir ordunun, bir hakimiyyətin olmasının açıq bəyanı idi və şübhə yoxdur ki, Azərbaycan məsələsi üzərində erməni lobbisi böyük səs-küy qopartmışdı. Və burada etnik təmizləmənin, insan haqlarının pozulması kontekstində və yaxud da humanitar hüququn pozulması nöqteyi-nəzərindən formalaşdırılan bir düşüncə yaratma cəhdi var idi. Prezident həmin o çıxışları darmadağın etdi. Və dünyanın müxtəlif paytaxtlarında başa düşüləcək dildə izah elədi ki, bu, separatizmdir, terrorizmdir və heç bir dövlət öz ərazisində buna şərait yaratmaq istəməz. Azərbaycan da ərazisinin tamamən belə bir proseslərdə təmizlənməsi nöqteyi-nəzərindən yanaşır. Bu, beynəlxalq hüququnun bilavasitə tərkib hissəsidir”.
Azərbaycan Ordusu nə Vətən müharibəsində, nə də lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalini hədəfə almayıb. Çünki əsas məqsəd təxribatlarına ara verməyən qanunsuz birləşmələri məhv etməkdən ibarət idi. Elə bu məqam rəsmi Bakının regionda sülhün əldə edilməsi istiqamətində əsas rol oynadığını sübut edir. Azərbaycan dəfələlə separatçı birləşmələrin Qarabağdan çıxarılmasını tələb etsə də, Ermənistan bu məsələdən müxtəlif bəhanələrlə boyun qaçırır, yaratdığı kriminal rejimə himayədarlıq edirdi. Amma antiterror tədbirlərinin nəticələri ilə artıq regionda yeni reallıqlar var. Azərbaycan dövləti Qarabağda yaşayan erməni vətəndaşların konstitusion hüquqları, sosial rifahları təmin ediləcək gücdədir.
Politoloq Züriyə Qarayeva Azərbaycan tərəfinin öz suveren hüquqlarının bərpa olunmasında iddialı və qətiyyətli olduğunu vurğulayıb: “Elə bu qətiyyətli mövqeyimizi cənab prezident İlham Əliyev xalqa müraciətində bir daha səsləndirdi, suveren hüquqlarımızı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın sülhpərvər ölkə olmasını, ölkədə çoxlu sayda xalqların sülh şəraitində yaşamasını diqqətə çatdıraraq ermənilərin də birgə yaşayış nəticəsində bu cür xalqlardan yararlana biləcəyini söylədi. Eyni zamanda onların təhsil, mədəniyyət, digər haqlarının təmin olunması ilə Azərbaycanda yaşayan digər vətəndaşlardan heç bir fərqlərinin olmayacağı mesajlarını vermiş oldu”.
44 günlük vətən müharibəsində bütün etnik qrupların nümayəndələrinin bir yumruq ətrafında birləşməsi bir daha sübut etdi ki, Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik yoxdur. Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlərin rəğbətilə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir.
Aysu
