00:00:00
Yazar
Səadət Əlizadə
10.11.2026 20:32 23 2 dəq oxuma
Siyasət

Pentaqondan Avropaya mesaj: ABŞ-nin müdafiə yükünü daşıdığı dövr başa çatır

Pentaqondan Avropaya mesaj: ABŞ-nin müdafiə yükünü daşıdığı dövr başa çatır

ABŞ Avropanın təhlükəsizliyinin təmin olunmasında əsas maliyyə və hərbi yükü öz üzərinə götürdüyü siyasətdən geri çəkilməyə hazırlaşır. Pentaqonun bu mövqeyi NATO daxilində məsuliyyət bölgüsü, Avropanın müdafiə potensialı və ABŞ-Avropa münasibətlərinin gələcəyi ilə bağlı yeni suallar yaradır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Elşad Mirbəşiroğlu bildirib ki, bu yanaşma Donald Trampın hakimiyyətə gəldiyi ilk dövrlərdən etibarən nümayiş etdirdiyi mövqeyin davamıdır:

 

 

"Tramp dəfələrlə Avropanın təhlükəsizliyinə görə əsas məsuliyyətin ABŞ-nin üzərinə düşməsini doğru hesab etmədiyini bildirib. O, NATO-nun büdcəsində ABŞ-nin əsas maliyyə iştirakçısı olmasından narazılığını ifadə edib və Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırıb. Bu səbəbdən Vaşinqtonun hazırkı mövqeyi ABŞ-nin öz müdafiə və təhlükəsizlik ehtiyaclarına daha çox vəsait ayırmaq, Avropanın təhlükəsizliyi ilə bağlı yükü isə müttəfiqləri arasında bölüşdürmək istəyindən irəli gəlir".

 

Onun fikrincə, Avropa ölkələri artıq ABŞ-nin dəstəyi olmadan öz təhlükəsizliklərini təmin etmək məsələsi barədə daha ciddi düşünməyə başlayıblar:

 

"Bu istiqamətdə Avropa daxilində müstəqil təhlükəsizlik konsepsiyasının formalaşdırılması ilə bağlı müzakirələr intensivləşir. Bununla belə, Avropanın qısa müddətdə ABŞ-nin hərbi dəstəyini əvəz edə biləcək imkanlara sahib olması real görünmür. Çünki tarix göstərir ki, Avropa uzun müddət təhlükəsizlik məsələlərində ABŞ-dən asılı olub. Ekspertin qənaətinə görə, Avropanın müstəqil müdafiə potensialı formalaşa bilər, lakin bunun üçün uzun müddət və ciddi resurslar tələb olunacaq".

 

Sonda o bildirib ki, ABŞ və Avropa arasında müdafiə və təhlükəsizlik məsələlərində mövcud fikir ayrılıqları NATO-nun fəaliyyətinə mənfi təsir göstərə bilər:

 

"Xüsusilə ABŞ-İran müharibəsi zamanı NATO üzvlərinin Vaşinqtona gözlənilən dəstəyi göstərməməsi və Trampın bundan narazılığını açıq ifadə etməsi alyans daxilindəki ziddiyyətləri daha da üzə çıxarıb. Ekspert hesab edir ki, NATO əvvəlki kimi ABŞ və Avropa üçün vahid və effektiv müdafiə platforması rolunu oynamaqda çətinlik çəkə bilər. Belə bir vəziyyət alyansın zəifləməsinə gətirib çıxara bilər. Eyni zamanda, ABŞ-nin Avropanın təhlükəsizliyində rolunu azaltması Avropanı yeni müdafiə mexanizmləri axtarmağa vadar edəcək. Bu prosesin nəticələri isə bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminə təsirsiz ötüşməyəcək".


 

Fatimə İbrahimova

#başa #daşıdığı #baki #abş-nin #dövr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər