00:00:00
Yazar
Elmira Ağayeva
28.04.2026 20:14 26 2 dəq oxuma
Siyasət

Antonio Guterres: Nüvə tərksilahı üçün təcili hərəkətə keçməliyik

 

 

Antonio Guterres: Nüvə tərksilahı üçün təcili hərəkətə keçməliyik

BMT-nin Baş katibi Antonio Guterres dünya ölkələrini nüvə silahlarının yayılmasının qarşısını almaq və nüvə tərksilahı istiqamətində səyləri gücləndirməyə çağırıb. O, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsinin icrasına həsr olunmuş 11-ci konfransda çıxış edərək, qlobal təhlükəsizliyin təmin olunması üçün birgə və təxirəsalınmaz addımların vacibliyini vurğulayıb.

 

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, artıq dünyada yeni bir mərhələ başlayıb və bu mərhələdə ənənəvi yanaşmalar o qədər də effektiv hesab olunmur:

 

 

“Son dövrlər beynəlxalq hüququn xüsusilə böyük dövlətlər vasitəsilə tez-tez pozulduğunu müşahidə edirik. Belə bir şəraitdə nüvə təhlükəsizliyi ilə bağlı mövcud beynəlxalq mexanizmlərin real işləmə imkanları ciddi sual altındadır. Hazırda İrana qarşı müəyyən addımlar atılır, lakin bunlar daha çox siyasi mexanizmlərdən deyil, hərbi gücdən istifadəni xatırladır. Əgər hansısa dövlətin addımları böyük güclərin maraqlarına uyğun gəlməzsə, ona qarşı siyasi təzyiqlər, hətta hərbi müdaxilə ehtimalı da istisna edilmir”.

 

 

Politoloqun sözlərinə görə, həmin addımlar böyük dövlətlərin himayəsi altında atılarsa, bu zaman ciddi reaksiya verilməməsi ehtimalı daha yüksəkdir:

 

 

“Təşkilat artıq beynəlxalq sülh və təhlükəsizliyin real təminatçısı kimi deyil, daha çox təsir imkanları məhdud olan bir qurum kimi görünür. Əgər nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq hüquqi normalar işləsə və qəbul edilən sənədlərin icrası təmin olunsa, mexanizmlər mövcuddur. Lakin hazırkı vəziyyətdə bunun baş vermədiyi açıq-aydın görünür. Əksinə, mövcud beynəlxalq hüquq normalarının getdikcə təsirsizləşdiyi müşahidə olunur. Nə konvensiyalar, nə də BMT hazırda nüvə silahı ilə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələrə qarşı real siyasi mexanizmlər tətbiq etmək gücündə deyil. Hazırkı dünya şəraiti dövlətlərin bir araya gələrək bu cür məsələləri qınaması və qarşısını alması üçün uyğun deyil. Əksinə, dünyada sərt qarşıdurmalar, dərin bölünmələr və demək olar ki, bütün ölkələrin sürətlə silahlanması prosesi müşahidə olunur. Belə bir dönəmdə nüvə silahları ilə bağlı ciddi məhdudiyyətlərin tətbiq olunacağı real görünmür”.

 

Əli Mustafa qeyd edib ki, nüvə silahına sahib olan böyük dövlətlər dünya miqyasında sülhün və təhlükəsizliyin pozulmasında əsas rol oynayırlar:

 

“Onların bir tərəfdən beynəlxalq hüququ pozub, digər tərəfdən həmin hüququ qorumağa çalışması inandırıcı deyil. Hazırkı qlobal yanaşmada hüquq deyil, güc ön plandadır. Gücü olan dövlətlər nüvə silahına sahib olmağa çalışacaq, gücü olmayanların isə bu məsələlərdə səsinin eşidilməsi çətin olacaq”.

 

Mələk Hüseynova

#BMT #Siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər