Apple Vision Pro eynəkləri nələri mümkün edəcək?
Texnologiya nəhəngi Apple bu yaxınlarda Vision Pro adlı qarışıq reallıq eynəklərini təqdim edib. Təqdimatda elan olunan xüsusiyyətlər hər kəsi həyəcanlandırsa da, məlum olub ki, Apple Vision Pro haqqında həqiqət tam açıqlanmayıb.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, elan edilməmiş xüsusiyyətlər arasında diqqət çəkən funksiyalardan biri də vizual axtarış xüsusiyyətidir.
Apple Vision Pro üçün hazırlanmış VisionOS-da təqdim edilən vizual axtarış funksiyası istifadəçilərə ətrafdakı obyektlər haqqında məlumat əldə etməyə imkan verəcək. Eyni zamanda vizual axtarış funksiyası oxunan mətnlərin rəqəmsal mediaya köçürülməsi və 17 fərqli dildə tərcüməsi ilə diqqət çəkir. Beləliklə, bu eynəklərdən istifadə edən şəxslər sinxron tərcümə də daxil olmaqla bir çox funksiyalardan istifadə edə biləcəklər.
Bir digər funksiya iPhone cihazlarında olduğu kimi oxuduqları mətndə safari vasitəsilə keçid açmaq imkanı, səyahət zamanında görünən müxtəlif dillərdə olan lövhələri və mətnləri anında tərcümə edərək oxuya bilməkdir.
Qeyd edək ki, Amerikada satılacaq AR/VR eynəkləri olan Vision Pro-nun qiyməti 3500 dollar olacaq.
