Araz dəhlizi Azərbaycanın logistika imkanlarını artıracaq – Yeni marşrutun üstünlükləri
İran ərazisindən keçən Araz dəhlizinin dəmir yolu komponentinin tamamlanması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha etibarlı və alternativ nəqliyyat bağlantısının yaradılmasına imkan verə bilər. Politoloq Rəşad Bayramov deyir ki, layihənin həyata keçirilməsi Azərbaycanın tranzit imkanlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“İran ərazisində layihənin sürətləndirilməsi üçün sərhəd-keçid infrastrukturunun, körpülərin, yolların və dəmir yolu xəttinin paralel şəkildə qurulması, həmçinin iki ölkənin gömrük və logistika prosedurlarının uzlaşdırılması lazımdır. Araz çayı üzərindəki Ağbənd–Kəlalə bağlantısı, Kəlalə–Culfa istiqamətində yol infrastrukturu və dəmir yolu xətti vahid nəqliyyat sisteminin hissələri kimi nəzərdən keçirilir”.
Politoloqun sözlərinə görə, Azərbaycan və İran nümayəndə heyətlərinin layihələrin gedişini birgə qiymətləndirməsi və işlərin sürətləndirilməsini müzakirə etməsi tərəflərin bu istiqamətdə siyasi iradəsinin olduğunu göstərir.
Rəşad Bayramov hesab edir ki, layihənin ən mühüm geoiqtisadi nəticələrindən biri Azərbaycanın tranzit imkanlarının şaxələnməsi olacaq.
“Araz marşrutu fəaliyyətə başladıqda, Azərbaycan yalnız Xəzər üzərindən Orta Dəhlizin əsas iştirakçısı kimi deyil, İran ərazisi vasitəsilə Körfəz istiqamətinə çıxışı olan tranzit ölkə kimi də mövqeyini gücləndirə bilər. Beləliklə, Rusiya–Azərbaycan–İran xətti ilə Şimal–Cənub, Çin–Mərkəzi Asiya–Azərbaycan–Avropa xətti ilə Şərq–Qərb marşrutlarının müəyyən nöqtələrdə bir-birinə bağlanması Azərbaycanın nəqliyyat əhəmiyyətini artırar”.
Politoloqun fikrincə, Araz dəhlizi Azərbaycanın tranzit ölkə statusuna keyfiyyətcə yeni məzmun qazandıra bilər. Onun sözlərinə görə, burada söhbət yalnız yüklərin Azərbaycan ərazisindən keçirilməsindən deyil, müxtəlif istiqamətləri birləşdirən regional logistika qovşağının formalaşdırılmasından gedir.
“Naxçıvan bağlantısının bərpası Azərbaycanın ərazi bütövlüyü daxilində nəqliyyat əlaqələrinin güclənməsi ilə yanaşı, Türkiyə və daha sonra Avropa bazarlarına çıxış imkanlarını da genişləndirə bilər”.
Rəşad Bayramov layihənin icra müddəti ilə bağlı müəyyən risklərin olduğunu da diqqətə çatdırır. Onun fikrincə, İranın üzləşdiyi siyasi və iqtisadi təzyiqlər, eləcə də təhlükəsizlik vəziyyəti layihənin icra qrafikinə təsir göstərə bilər.
“İran hazırda ABŞ-la qarşıdurma, iqtisadi təzyiq və nəqliyyat-infrastruktur obyektlərinə ziyan dəyməsi ilə üzləşir. Ölkədə hərbi qarşıdurmanın intensivləşməsi iqtisadi və logistika imkanlarını məhdudlaşdırır. Buna görə texniki baxımdan mümkün olan tikinti qrafikinin siyasi və təhlükəsizlik amillərindən asılı vəziyyətə düşməsi mümkündür”.
Politoloqun sözlərinə görə, Araz dəhlizinin dəmir yolu hissəsinin istifadəyə verilməsi Azərbaycanın regional nəqliyyat xəritəsində mühüm dəyişiklik yarada bilər.
“Layihə Naxçıvanla birbaşa əlaqəni gücləndirməklə yanaşı, Azərbaycanı həm Avropa–Asiya, həm də Rusiya–İran–Körfəz istiqamətlərinin kəsişməsində daha mühüm logistika mərkəzinə çevirə bilər. Lakin bunun üçün tikintinin sürətləndirilməsi ilə yanaşı, İran ərazisində təhlükəsizlik, maliyyələşmə, sərhəd prosedurları və infrastrukturun davamlılığı məsələləri də həll edilməlidir”.
Süsən Mərdalıqızı