00:00:00
Yazar
Admin User
03.11.2025 19:47 147 2 dəq oxuma
Sosial

ARDNF və “CEEC International” enerji sahəsində əməkdaşlığı gücləndirir

ARDNF və “CEEC International” enerji sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nümayəndələri “China Energy International Group Co., Ltd.” (“CEEC International”) şirkətinin rəhbərliyi ilə görüşüblər. Tərəflər 2025-ci il 8 sentyabrda imzalanan Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının araşdırılması barədə müzakirələr aparıblar. Görüşdə bərpa olunan enerji, enerji saxlama və tullantıların idarəedilməsi layihələrinin birgə həyata keçirilməsi qərara alınıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki,Azərbaycanın Çinin enerji şirkətləri ilə əməkdaşlığı bizim iqtisadi-xarici fəaliyyətimizin mühüm istiqamətlərindən biridir:

 

"Xüsusilə də 1il əvvəl Azərbaycanın Çin ilə imzaladığı strateji tərəfdaşlıq sənədində də bu ayrıca bir istiqamət kimi göstərilib. Eyni zamanda Azərbaycanın bərpa olunan enerji istehsalı sahəsində yeni bir dövr açması da Çinlə əməkdaşlığın qarşısında yeni bir mərhələ kimi dəyərləndirilir. Azərbaycan xüsusilə də bərpa olunan enerji istehsalı sahəsinə Çinin şirkətlərinin cəlb olunmasında xüsusilə maraqlıdır. Bu istiqamətdə bir sıra addımlar atılıb, o cümlədən də Azərbaycan dövləti neft şirkəti ilə Çinin müəyyən enerji şirkətləri arasında əməkdaşlığın başlanması çox yaxşı bir haldır. Çinin bu istiqamətdə həm təcrübəsi var, həm də Çinin böyük maliyyə imkanları Azərbaycanın bərpa olunan enerji sektorunda yeni bir mərhələnin açılmasını sürətləndirəcək. Əlbəttə, Azərbaycanın bərpa olunan enerji sahəsində nə qədər çoxlu ölkələr ilə, həm də müxtəlif istiqamətlərdə mövcud olan ölkələrlə əməkdaşlığı yalnız bölgənin xeyirinədir. Çünki, Azərbaycan hazırda bərpa olunan enerjinin sadəcə istehsalını hədəfləmir. Eyni zamanda burada iki dənə vacib amil nəzərə alınmalıdır. Birincisi Azərbaycanın istehsal etdiyi bərpa olunan enerjinin Avropa istiqamətində ixracı, ikincisi isə bərpa olunan enerji istehsalı sahəsində yeni regional əməkdaşlıqlara təkan verilməsi. Azərbaycan hər iki sahədə mühüm nailiyyətlər əldə edib, o cümlədən bərpa olunan enerjinin Gürcüstanın və Qara dənizin üzərindən Avropaya çıxarılması ilə bağlı artıq saziş imzalanıb. Azərbaycan, Gürcüstan, Rumıniya və Bolqarıstanın arasında artıq belə bir saziş var.Eyni zamanda Azərbaycan Mərkəzi Asiyanın iki ölkəsi olan Qazaxıstan və Özbəkistanla birlikdə bərpa olunan enerjinin istehsalı yönümündə əməkdaşlıq haqqında sənəd imzalayıb. Görünənlər budur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə Xəzər dənizinin üzərindən Avropaya bərpa olunan enerjinin çıxarılması məsələsində də mühüm kontinental körpü rolunu oynamaq iddiasındadır. Bütün bu layihələrin həyata keçirilməsində Çinin və Çin şirkətlərinin iştirakı olduqca önəmlidir. Bu Azərbaycanın mövcud sahədə səylərinə və layihələrinə daha da güclü təsir göstərə bilər. Ona görə ki, Çinlə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq bütün Avrasiya əməkdaşlıq xətti boyunca vəziyyəti dəyişmək gücündədir. Buna görə də Azərbaycan neft şirkəti ilə Çinin enerji şirkətlərinin arasında müvafiq əməkdaşlıqları Avrasiyada bütün əməkdaşlıq xətti boyunca vəziyyəti dəyişə bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər