“Arktik təlimlər Rusiya - NATO münasibətlərini dəyişməyəcək”- ŞƏRH
NATO Alyansı yaxın gələcəkdə Arktik bölgədə “Arktik Keşikçi” adlı yeni hərbi-müşahidə missiyasına başlamayı planlaşdırır. Missiya, bölgədə təhlükəsizlik vəziyyətini izləmək və alyans üzvlərinin maraqlarını qorumaq məqsədi daşıyır.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, təlimlər böyük ehtimal həyata keçiriləcək:
“Amma bu təlimlərin həyata keçirilməsinin Rusiya-NATO münasibətlərində hər hansı ciddi dəyişikliyə səbəb olacağını gözlənilmir. Çünki əgər Rusiya-NATO münasibətləri indiki məqamda müsbət olsa, o halda müsbət düşünmək olar. Bu həmin müsbət münasibətləri korlayacaq və münasibətlər mənfi yönündə davam edəcək. Onsuz da indi NATO ilə Rusiya arasında münasibətlər kifayət qədər gərgindir. Yəni bu təlimlərin və bənzəri digər təlimlərin keçirilmə məqsədi də sırf Rusiya təhlükəsini neytrallaşdırmaq, Rusiyaya mesaj verməkdir. Avropa dövlətlərinin ayrı-ayrılıqda Rusiya ilə mübarizə aparmaq imkanı olsa da, NATO çərçivəsində onlar öz maraqlarının qorunma əzmindədir. İndi bu təlimlərin həyata keçirilməsi onsuz da Rusiya-NATO münasibətlərinin kifayət qədər gərgin olması səbəbindən baş verir. Ona görə də artıq hər hansı bir dəyişikliyə səbəb olması ehtimalı təbii səbəblərə görə ortadan qalxmış olur”.
Həmçinin şərhçi vurğulayıb ki, hər hansı təlim nəticə etibarilə strateji balansı dəyişə bilməz:
“Çünki bunun üçün daha ciddi nələrsə olmalıdır. Ukraynadakı kimi müharibə olmalıdır. Çünki müharibəyə qədər hər kəs düşünüb ki, Amerikanın və NATO-nun dəstəyi ilə Rusiya orada çox biabırçı məğlubiyyətə düçar olacaq. O tamamilə artıq öz maraqlarından imtina etməklə Ukraynadan çıxacaq. Digər bir qrup da düşünüb ki, Ukrayna müharibəsi Rusiyanın bir mənalı qələbəsi ilə başa çatacaq. Hətta bunu üç günə, bir həftəyə yekunlaşdıracaq deyənlər də var idi. Eləcə də Rusiya kollektiv qəribə meydan oxuyacaq. Nəticə etibarilə əməliyyatların sonunda indiki vəziyyəti görünən odur ki, nə Rusiya kollektivi Qərbi birmənalı şəkildə sıradan çıxara bilər, nə də ki, NATO dövlətləri Rusiyanı tam mənada dünya siyasətində, ən azından Şərqi Avropadan sıxışdırıb çıxara bilər. İndi Arktikada da bənzəri məsələdən yanaşılmalıdır. Bu problemə nə NATO dövlətləri, nə də Qərb, Rusiya ilə mübarizədə birmənalı olaraq Arktikada üstünlük əldə edə bilər, nə də Rusiya Qərbə qarşı müqayisədə birmənalı dominantlıq qazana bilər. Ən azından bunu yoxlamaq üçün tərəflər ya birbaşa toqquşmaya getməlidirlər, ya da Ukraynada olduğu kimi hər hansı bir ərazi seçilməlidir. Orada ikinci, üçüncü tərəflərin bəhanəsi vasitəsilə öz güclərini sınaqdan çıxarmalıdırlar. Bu da indiki məqamda həm NATO üçün, həm də Rusiya üçün istənilməz bir haldır”.
Nuray Əliyeva
