Armen Qriqoryan Bakı-İrəvan sülh prosesindən danışıb
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Şimali Avropa və Baltikyanı ölkələrin nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesinin inkişafı, regionda sabitliyin təmin olunması və təhlükəsizlik məsələləri müzakirə edilib. Ermənistan rəsmisi tərəflər arasında əldə olunan sülhün daha da institusionallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycan sülh prosesinin təşəbbüskarı kimi bölgədə davamlı sülh və sabitlikdə maraqlıdır:
“8 avqust tarixində Vaşinqton sammiti zamanı əldə edilən tarixi razılıqlardan sonra keçirilən rəsmi görüşlər və qeyri-rəsmi təmaslar məhz sülh gündəliyimizin irəlilədilməsi, əldə olunmuş razılıqların icrasının sürətləndirilməsi məqsədi daşıyır. Bununla yanaşı, məlumdur ki, bölgədə davamlı sülhün bərqərar olması istiqamətində müəyyən şərtlərin yerinə yetirilməsi əhəmiyyət kəsb edir. Sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin əsas şərti Ermənistan Konstitusiyasında dəyişiklik edilərək Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddiaya son qoyulmasıdır. Bu, həmçinin Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti vasitəsi ilə imzalanan Birgə Bəyannamədə də dolayısı yolla təsbit edilib. Azərbaycan üçün sülh prosesinin yekun nəticəsi, ölkənin milli maraqlarına tam uyğun şəkildə formalaşmalıdır. Azərbaycan, beynəlxalq dəstək və dialoqlar vasitəsilə sülh müqaviləsinin öz siyasi və strateji hədəflərinə xidmət etməsini təmin etməyə çalışır. ABŞ və digər güclü beynəlxalq aktorların sülh prosesinə müdaxiləsi, Azərbaycanın mövqeyini gücləndirə və regionda sabitliyin təmin olunmasına töhfə verə bilər. Lakin yekun sülh müqaviləsi yalnız Azərbaycanın suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik maraqlarına uyğun şəkildə imzalanarsa, bu, həm bölgə, həm də dünya üçün uzunmüddətli sülh və sabitlik vəd edə bilər. Diplomatik masada “sülh” və “normallaşma” nə qədər çox vurğulansa da, real həyatda etimad olmadan Cənubi Qafqazda real əməkdaşlıq mühiti qurmaq mümkün deyil. Azərbaycan bu istiqamətdə ciddi addımlar atıb. Rusiyadan Azərbaycandan keçməklə Ermənistana taxıl göndərilməsi, benzin satışı iqtisadi və logistika əməkdaşlığının tədricən bərpası regionda qarşılıqlı etimadın formalaşması baxımından mühüm siqnal kimi qiymətləndirilir. Təkcə Azərbaycan cəmiyyətinin etimad göstərməsi kifayət deyil. Etimad mühitinin formalaşması üçün Ermənistan daxilindəki revanşist qüvvələrin təsir imkanlarının sıfırlanması da əsas şərtdir. Bu qüvvələrin həm daxili siyasətə, həm də regional dinamika üzərində təsiri davam etdikcə, normallaşma prosesi imitasiya səviyyəsindən o yana keçə bilməz.Ermənistan cəmiyyəti son 200-300 il ərzində o qədər zəhərlənib ki, bunu qısa bir müddətdə ortadan qaldırmaq real deyil. Çünki onlar Azərbaycanı, türkü bütövlükdə özlərinin düşməni hesab edirlər. Çünki bu cəmiyyət xəstədir. Belə bir vəziyyətdə erməni cəmiyyəti Azərbaycana etimad göstərmir. Ancaq onlar haqsızdır. Çünki etimad qarşılıqlı olmalıdır”.
Gövhər Mehyəddinova