00:00:00
Yazar
Admin User
19.11.2025 17:56 152 3 dəq oxuma
Sosial

Artan kirayə qiymətləri və gənclərin ev problemi

Artan kirayə qiymətləri və gənclərin ev problemi

Son illər kirayə qiymətlərinin sürətlə yüksəlməsi gənclərin həyatını çətinləşdirir. Tələbələr və yeni işə başlayanlar üçün mənzil tapmaq həm maddi, həm də psixoloji yükə çevrilib. Əməkhaqqı ilə kirayə haqqı arasındakı uçurum böyüdükcə, bir çox gənc ya uzaq ərazilərdə yaşamağa məcbur olur, ya da bir evi bir neçə nəfərlə bölüşür.

 

Mövzu ilə bağlı "İnformator.az" xəbər saytı həm əmlak ekspertinin, həm tələbələrin, həm də sahibkarın məsələyə olan münasibətini öyrənib.

 

1-ci kurs tələbəsi Babayeva Səyyarə son zamanlar kirayə qiymətlərinin çox artdığını bildirib:

 

“Hazırda kirayədə qalanların böyük hissəsi tələbələrdir. Bu da ondan irəli gəlir ki, rayonlarda yaşayan gənclər Bakıda olan universitetlərə qəbul olurlar və təbii olaraq paytaxta köçmək məcburiyyətində qalırlar. Eyni anda həm dərs oxumaq, həm də işləmək tələbələr üçün çox çətin bir məsələdir. Buna görə də istərdik ki, xüsusən tələbələr üçün kirayə qiymətləri daha münasib olsun. Bir başqa problem də eyni evdə 3-4 nəfərin qalmasıdır. Bu, evin böyüklüyündən asılı olaraq bəzən mümkündür, bəzən yox. Ümid edirik ki, zamanla bu məsələ həllini tapar".

 

Kürdəmirdən Bakıya köçərək kirayədə qalan Taleh Vahidov da kirayə qiymətlərindən şikayətlənib:

 

"Kirayə qiymətləri həddindən artıq bahadır. Çünki bəzən elə olur ki bizim təqaüdlərimiz kirayə pulunu qarşılamır. Mənim fikrimcə, ya bizim təqaüdlərimiz artırılmalıdır ya da kirayə qiymətləri aşağı salınmalıdır".


Sahibkar Elmar Ağayev isə ev sahiblərinin qiymətləri səbəbsiz qaldırmadıqlarını bildirib:

 

“Məsələn, mənim 2 otaqlı mənzilimin kirayəsi 2020-də 350 manat idi, indi isə 550–600 manat arası təklif etməli oluram. Çünki bina xərcləri, kommunal ödənişlər, təmir materialları, hətta sadə məişət texnikasının qiyməti belə kəskin bahalaşıb. Bu xərclər artırsa, kirayəni də eyni saxlamaq mümkün olmur. Tələbələr və yeni işə başlayan gənclər çox vaxtaz maaşla işlədiyini bilirik. Bu maaşla 500–600 manatlıq kirayə tutmaq, üstəlik yolpulu, ərzaq, kommunal ödəmək çox çətindir. Çox vaxt mənə gələn gənclər 300–350 manatlıq ev soruşurlar, amma mərkəzə yaxın ərazilərdə belə qiymət qalmayıb”.


Kirayə qiymətlərinin yüksəlməsinin başlıca səbəbini bölgələrdən Bakıya axının çox olmasında görən əmlak eksperti İlkin Məmmədkərimov açıqlamasında qeyd edib ki, mənzillərin sayı az, təlabat isə çoxdur:


“İkinci səbəb isə sahibkarların qiymətləri artırmasıdır. Tikinti materiallarının qiymətlərinin bahalaşması da mənzillərin ümumi qiymətinə təsir edir. Kirayəçilər istəyirlər ki, öz maddi imkanlarına uyğun kirayə mənzil tapsınlar. Əvvəllər kirayəçilər təmirsiz və əşyasız mənzillərə üstünlük veriblər, indi təlabat o səviyyəyə çatıb ki, qiymətlər həddindən artıq bahadır. Kirayəçi qaldığı mənzilin şəraitinin yaxşı və əşyalı olmasını istəyir. Mənzil kirayə verən ev sahibləri mənzili vacib əşyalar ilə təmin etmək istəmirlər, amma kirayə qiymətlərini həddindən artıq yüksək təyin edirlər. Bu da əslində ən böyük problemlərdən biridir. Məsələn, ikiotaqlı mənzilin kirayə qiyməti 500 manatdırsa, həmin məbləğ qarşısında mənzil əşya ilə təmin olunmalıdır ki, həmin mənzildə kirayə qalan şəxs ondan istifadə edə bilsin. Mənzil sahibləri əksər hallarda boş mənzili kirayə verirlər. Rayonlarda iş yerlərinin az olması və iş üçün onların paytaxta üz tutması, tələbələrin təhsil üçün Bakıya gəlməsi kirayə mənzillərin qiymətinin yüksək olmasına səbəb olur".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər