Asiya İnkişaf Bankından Türkiyənin sənayesinin karbonsuzlaşmasına dəstək
Asiya İnkişaf Bankı Türkiyənin yaşıl transformasiya prosesinə, xüsusilə enerji tutumlu sənaye sahələrinin karbonsuzlaşdırılmasına maliyyə dəstəyi göstərməyə hazırdır.
Asiya İnkişaf Bankının Türkiyə üzrə direktoru Keiju Mitsuhashi Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Anadolu Ajansına açıqlamasında bildirib ki, bərpaolunan enerji investisiyalarının artırılması ilə yanaşı, sənayenin karbonsuzlaşdırılması da Türkiyənin yaşıl transformasiyasında prioritet istiqamətlərdəndir.
Mitsuhashinin sözlərinə görə, Türkiyə Sənayedə Karbonsuzlaşma İnvestisiya Platforması kimi təşəbbüslər ölkənin yaşıl transformasiyasına və iqlim dəyişikliyi ilə mübarizəsinə mühüm töhfə verir. Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı da bu platformanın iştirakçılarıdır.
O bildirib ki, belə platformalar müxtəlif maraqlı tərəfləri və maliyyə qurumlarını bir araya gətirərək daha genişmiqyaslı əməkdaşlıq üçün imkan yaradır.
Bank rəsmisi Türkiyənin polad, alüminium və gübrə istehsalı kimi böyük sənaye sahələrinə malik olduğunu xatırladıb. Onun fikrincə, bu sahələrin karbonsuzlaşdırılması üçün ciddi maliyyə resurslarına ehtiyac var.
Mitsuhashi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə qarşılaşdığı əsas çətinliklərdən birinin maliyyə imkanlarına çıxış olduğunu vurğulayıb. O qeyd edib ki, Asiya İnkişaf Bankı bu istiqamətdə həm dövlət, həm də özəl sektora maliyyə dəstəyi göstərir.
Onun sözlərinə görə, bank Türkiyədə kommersiya və dövlət bankları ilə əməkdaşlıq edir. Bu vasitə ilə kiçik və orta sahibkarlıq subyektləri də daxil olmaqla müxtəlif iştirakçılara maliyyə imkanları təqdim olunur.
Mitsuhashi Türkiyənin COP31-ə ev sahibliyi etməsinin beynəlxalq əməkdaşlıq baxımından mühüm imkanlar yaratdığını bildirib. Onun fikrincə, iqlim problemlərinin həlli yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, regional əməkdaşlıq da gücləndirilməlidir.
Bank rəsmisi COP31 çərçivəsində irəli sürülən təşəbbüslərin gələcəkdə iqlim dəyişikliyi ilə mübarizədə səmərəli əməkdaşlıq platformalarına çevrilə biləcəyini qeyd edib.
“Türkiyənin artıq iqlim təşəbbüslərinin mərkəzi kimi qəbul edilə biləcəyini düşünürəm. İqlim fəaliyyətində planların həyata keçirilməli olduğu mərhələyə daxil olmuşuq. Bu prosesdə maliyyə, bilik və Asiyadakı əməkdaşlıq şəbəkəmizi Türkiyəyə təqdim etməyə hazırıq”, – deyə o bildirib.
Mənbə: Anadolu Ajansı
Aytən Əhmədova