Ərdoğan: “Terörsüz Türkiye” prosesini hədəfinə çatdırmaqda qərarlıyıq
Türkiyə Prezidenti və AK Parti sədri Rəcəb Tayyib Ərdoğan “Terörsüz Türkiye” prosesini hədəfinə çatdırmaqda qərarlı olduqlarını bildirib.
Ərdoğan AK Parti Konqres Mərkəzində keçirilən genişləndirilmiş İl Başkanları toplantısında çıxış edərək Türkiyənin uzun illərdir qarşılaşdığı terror probleminin həlli istiqamətində aparılan prosesə toxunub.
Prezident qeyd edib ki, bu prosesə töhfə verənlər tarixdə adlarını yazdıracaq, ona mane olanlar isə xalqın vicdanında məhkum ediləcəklər. O, bütün tərəfləri fikir ayrılıqlarını bir kənara qoyaraq prosesə xoş niyyətlə dəstək verməyə çağırıb.
Ərdoğan çıxışında yerli idarəetmə sistemində islahatların hazırlanmasının da davam etdiyini bildirib. İslahatların əsas məqsədləri arasında bələdiyyələrdə nəzarətin gücləndirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, borclanma və əməkdaş xərclərinin tənzimlənməsi, eləcə də böyük şəhər və rayon bələdiyyələri arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi yer alıb.
Prezident hazırlanan islahat layihəsinin texniki və hüquqi qiymətləndirilməsinin davam etdiyini, bu istiqamətdə Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə məsləhətləşmələrin aparıldığını vurğulayıb.
Ərdoğan həmçinin AK Partinin xalqla əlaqələrini davam etdirdiyini, ölkənin 81 vilayətində və 922 rayonunda vətəndaşların tələb və problemlərinin dinlənildiyini bildirib. O, partiyanın əsas prioritetinin xalqa xidmət etmək olduğunu qeyd edib.
TRT Haber
Aysu Abbasova