Trampın İran strategiyası: Kənar vasitəçilər olmadan həll yolu mümkündürmü?
Vaşinqton İranla gərginliyin aradan qaldırılması məsələsində Pekin və Moskvanın köməyinə arxalanmaq fikrində deyil. Donald Trampın son açıqlaması göstərir ki, ABŞ administrasiyası münaqişənin həllini başqa yanaşma və ya birbaşa təzyiq alətləri üzərindən qurmağı hədəfləyir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Trampın İranla münaqişənin həlli üçün Rusiya və Çinin köməyinə ehtiyac duymadıqlarını bildirməsi əslində Vaşinqtonun strategiyasının mahiyyətini göstərir. Onun “məsələni tezliklə bu və ya digər yolla bitirəcəyik” açıqlaması isə ABŞ-nin Tehranla münasibətlərdə diplomatik danışıqları hərbi təzyiq imkanları ilə paralel apardığını nümayiş etdirir:
"Ağ Ev rəhbəri İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini, Tehran rəhbərliyinin razılaşma əldə etmək istədiyini iddia edir. Amma görünən odur ki, məsələ heç də Trampın təqdim etdiyi şəkildə, yəni ABŞ-nin istədiyi istiqamətdə inkişaf etmir. Çünki İranın hərbi potensialı ilə yanaşı, coğrafi mövqeyi, Hörmüz boğazına təsir imkanları və regiondakı müttəfiq şəbəkəsi ABŞ-ni istədiklərini asan şəkildə ədə etməyə imkan vermir. Burada diqqət çəkən məsələ Trampın “bu və ya digər yolla” ifadəsini işlətməsidir. Bu, Vaşinqtonun qarşısında həm diplomatik razılaşma, həm də hərbi təzyiqin davam etdirilməsi variantlarının qaldığını göstərir".
Politoloq qeyd edir ki, ABŞ administrasiyası İranı daha geniş güzəştlərə, xüsusilə, nüvə proqramı və hərbi imkanlarla bağlı uzunmüddətli öhdəliklərə razı salmağa çalışır:
“Trampın əsas tələbi isə əldə ediləcək razılaşmanın yalnız müvəqqəti xarakter daşımaması, gələcək ABŞ administrasiyaları dövründə də qüvvədə qalmasıdır. Lakin problem ondadır və indiyə qədərki təcrübədə onu göstərir ki, Trampın hərbi ritorikanı sərtləşdirməsi əks nəticələrə, İranın daha güzəştsiz mövqe sərgiləməsinə səbəb olur. Trampın Rusiya və Çinin köməyindən imtina etməsinin arxasında isə ABŞ-nin münaqişənin siyasi həllində əsas təşəbbüskar və qərarverici tərəf olmaq istəyi dayanır. Vaşinqton anlayır ki, Moskva və Pekinin danışıqlara birbaşa cəlb edilməsi İranın mövqeyini gücləndirə, eyni zamanda razılaşmanın şərtləri üzərində əlavə geosiyasi sövdələşmələrə yol aça bilər. Tramp İran məsələsini ABŞ-in hərbi və diplomatik üstünlüyünün nümayiş etdirilməsi üçün də fürsət hesab edir. Digər tərəfdən, Çin və Rusiya ilə münasibətlərdə rəqabət aparan Vaşinqton bu dövlətlərə İran məsələsində vasitəçi rolunu verməklə onların beynəlxalq nüfuzunu artırmaq istəmir. Rusiya və Çinin prosesdən kənarda qalması isə İran üçün müəyyən diplomatik məhdudiyyətlər yarada bilər. Tehran bu iki dövlətlə siyasi, iqtisadi və hərbi əməkdaşlığa malikdir. Xüsusilə Çin İran neftinin əsas alıcılarından biridir, Rusiya ilə əməkdaşlıq isə müdafiə və texnologiya sahələrini əhatə edir. Moskva və Pekinin İranla tərəfdaşlığı onların ABŞ ilə birbaşa qarşıdurmaya getməyə hazır olduqları anlamına da gəlmir. Hər iki dövlət öz iqtisadi və strateji maraqlarını nəzərə alaraq ehtiyatlı davranmağa çalışır. Beləliklə, Trampın bəyanatı münaqişənin yaxın zamanda mütləq hərbi yolla başa çatacağına deyil, Vaşinqtonun Tehran üzərində maksimum təzyiq yaradaraq öz şərtləri ilə razılaşma əldə etmək niyyətinə işarə edir. Lakin diplomatik təmasların nəticə verməyəcəyi halda ABŞ-in yeni hərbi əməliyyatlara başlaması ehtimalı da kifayət qədər yüksək olaraq qalır. Odur ki, qarşıdakı mərhələdə əsas məsələ Vaşinqtonun təzyiq siyasətinin diplomatik razılaşmaya gətirib çıxarması, yoxsa tərəflər arasında qarşıdurmanı daha da dərinləşdirməsidir".
Xədicə İsmayılova