00:00:00
Yazar
Mayıl Soltan
08.08.2026 11:09 119 2 dəq oxuma
Köşə

"Aslanın dişisi də aslandır" – Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür 

"Aslanın dişisi də aslandır" – Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bəzi insanlar dünyaya sadəcə yaşamaq üçün gəlmirlər. Onlar bir ömrün bütöv bir xalqın yaddaşına köçəcəyi o bir neçə saniyəlik qəhrəmanlıq anı üçün doğulurlar. Bu gün təqvimə baxıram, 8 avqustdur. Son nəfəsinədək peşəsinə, insanlığa və vətəninə sadiq qalan, səmada dastana çevrilən Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür. Yaşasaydı, bu gün onun 35 yaşı tamam olacaqdı. Lakin o, ömrünün ən gözəl, ən gənc çağında göylərə ucaldı və adını tariximizin ən uca zirvəsinə əbədi olaraq həkk etdi.

 

Onun ömür yolunu vərəqlədikcə içimdən qəribə bir hüzünlə bərabər, böyük bir qürur hissi keçirirəm. Cəmi iki yaşı olanda, 1993-cü ildə Kəlbəcərin işğalı ilə ailəsi doğma yurdu tərk etmək məcburiyyətində qalmışdı. Balaca bir qızcığazın qaçqınlıq ağrısı, Bərdədə, daha sonra Rusiyanın Volqoqrad vilayətində davam edən köçkünlük həyatı onun iradəsini qıra bilmədi, əksinə, onu daha da poladlaşdırdı. Gəncədə təhsilini başa vurub imtahanda 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olanda, yəqin ki, hamı onun parlaq bir hüquqşünas olacağını düşünürdü. Magistratura və doktoranturanı bitirən bu savadlı, ziyalı xanımın taleyi isə tam başqa yerdə – buludların üzərində yazılmışdı.

 

2016-cı ildən AZAL-da böyük təyyarə bələdçisi kimi çalışmağa başlayanda göylər onun doğma evinə çevrilmişdi. Əslində, o müdhiş reys onun son uçuşu olmalı idi. Yeni il bayramından sonra sevdiyi göylərlə vidalaşıb hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi. Amma tale onun üçün tamam başqa bir əbədi uçuş hazırlamışdı. 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Aktau yaxınlığında qəzaya uğrayanda ölümün soyuq nəfəsi kabinəyə dolarkən o, öz canını yox, sərnişinlərini düşündü. Son saniyələrə qədər hər kəsə kömək etdi və qorxu içində çırpınan insanlara o məsum gülümsəməsi ilə son sözünü pıçıldadı: “Hər şey yaxşı olacaq!”.

 

Bu, sadəcə bir təsəlli deyildi. O, illər öncə imtahanda "Fövqəladə halda nə edəcəksiniz?" sualına verdiyi cavaba, öz peşə andına canı bahasına sadiq qaldı. Göstərdiyi bu misilsiz fədakarlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü və tariximizin bu ali adı alan üçüncü qadın qəhrəmanı oldu. Bu gün Polşada təhsil alan tələbə qızlar üçün onun adına təqaüd verilir, Qazaxıstanda bir hərbi zirehli maşına onun adı qoyulub, adına filmlər çəkilir. Amma mənim üçün ən böyük abidə onun insanlıq qarşısındakı bu uca sevgisidir. Hökumə Əliyeva bizə sübut etdi ki, qəhrəmanlıq sadəcə səngərdə deyil, insanın öz işinə və insanlığa olan sonsuz bağlılığında gizlənir. Doğum günün mübarək, səmanın əbədi mələyi! Azərbaycan xalqı səni və o fədakar sözlərini heç vaxt unutmayacaq.

 

Mayıl Soltan 

#dişisi #azərbaycan #qəhrəman #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər