Atlet 500 gün sonra mağaradan çıxıb
Beatriz Flamini adlı atlet 48 yaşında girdiyi mağaradan 50 yaşında çıxıb.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı ekstremal idmançı Beatriz Flamini mağarada insan təmasından uzaq 500 gün keçirib. O, bununla dünya rekorduna imza ata bilər.
Hadisə şərhçiləri bildirirlər ki, Beatriz Flamini Qranadadakı mağaraya girəndə Rusiya hələ Ukraynanı işğal etməmişdi, dünya hələ də Kovid-19 pandemiyasının təsirində idi.
Flamini mağaradan çıxdıqdan sonra "Mən hələ 21 noyabr 2021-ci ildə qalmışam. Dünya haqqında heç nə bilmirəm" deyib.
Flamini 48 yaşında mağaraya daxil olub və bu gün o, artıq 50 yaşındadır. O, 70 metr dərinlikdə yerləşən mağarada vaxtını məşq etməklə, yunlu papaqlar toxumaqla keçirdiyini vurğulayıb. Dəstək qrupunun sözlərinə görə, o, mağaraya girmədən öncə özü ilə 60 kitab və 1000 litr su götürüb.
Bu müddət ərzində o, bir qrup psixoloq, tədqiqatçı, speleoloq - mağaraların tədqiqi üzrə mütəxəssislər tərəfindən izlənilsə də, ekspertlərdən heç biri onunla təmas qurmayıb.
Atlet mağara təcrübəsinin əla olduğunu, amma bir il yarım ərzində özündən başqa heç kimlə danışmadığını deyib. Daha sonra Flamini bu müddət ərzində duş almadığını, mağarada 160-170 gün keçirdiyini təxmin etdiyini deyib.
Mütəxəssislər bu tədqiqatda sosial təcridin insanların vaxt qavrayışına təsirini öyrənməyə çalışırlar.
Flamininin dəstək komandası qeyd edib ki, o, mağarada uzun müddət qalma üzrə dünya rekordu qırıb. Amma Ginnesin Rekordlar Kitabı mağarada könüllü yaşamaq rekordunun olub-olmadığını hələlik təsdiqləməyib.
Sayad Qoşnalıyeva
