"ATƏT dərin böhran içindədir"
Rusiya Xarici İşlər naziri Sergey Lavrov İsveçrənin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İnyatsio Kassis və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşdə ATƏT-in dərin böhran içində olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, təşkilatın effektivliyini artırmaq üçün həm fəaliyyət mexanizmlərinə yenidən baxılması, həm də struktur islahatlarının aparılması vacib hesab olunur:
"Fevralın 6-da Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə ATƏT-in fəaliyyətdə olan sədri İnyatsio Kassis arasında görüş keçirilib. Görüş zamanı Lavrov ATƏT-in fəaliyyətini açıq və kəskin şəkildə tənqid edib. Bu mövqe yeni deyil. Sergey Lavrov 2024-cü ildə Maltada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında təşkilatı sərt tənqid edib, ATƏT çərçivəsində nə əməkdaşlıq, nə də təhlükəsizlik üçün real imkan qalmadığını bildirib. Bu, ATƏT-in ünvanına səsləndirilən ən sərt açıqlamalardan biri kimi qiymətləndirilib".
Müsahib qeyd edib ki, fevralın 6-da baş tutan görüşdə Lavrov Rusiyanın həm ABŞ ilə, həm də ATƏT-lə əməkdaşlıqda maraqlı olduğunu vurğulasa da, bunun üçün təşkilatın yanaşmasını ciddi şəkildə dəyişməli olduğunu qeyd edib:
"Lavrovun sözlərinə görə, ATƏT-də Rusiyaya qarşı rusofob meyillər mövcuddur və diskriminasiya hallarına yol verilir. Lavrov Avropa ölkələrinin ATƏT platformasından Rusiyaya qarşı siyasi alət kimi istifadə etdiyini deyib. Rusiya XİN-nin rəhbəri hesab edir ki, ATƏT üzv ölkələrə bərabər yanaşmır və ikili standartlar tətbiq edir. Bununla belə, Moskvanın təşkilatla əməkdaşlıqdan tam imtina etmədiyini də xüsusi vurğulayıb. Lavrovun açıqlamalarından aydın olur ki, tənqidlərin əsas səbəbi ATƏT-in Rusiya-Ukrayna məsələsində tutduğu mövqedir. Diqqətçəkən məqamlardan biri də ATƏT-in fəaliyyətdə olan sədrinin görüşdən sonra jurnalistlərə açıqlama verməməsi olub. Bu isə Rusiya ilə ATƏT arasında münasibətlərin yaxın zamanda normallaşmayacağına işarə kimi qiymətləndirilir".
Politoloq əlavə edib ki, Rusiya-Qərb gərginliyinin ATƏT-in fəaliyyətinə təsiri ilə bağlı ciddi dəyişiklik gözlənilmir:
"Mövcud gərgin münasibətlərin davam edəcəyi ehtimal olunur. Bununla yanaşı, Lavrov bildirib ki, əgər ATƏT yanaşmasını dəyişərsə, Rusiya əməkdaşlığa açıqdır. Təşkilatın münaqişələrin həlli roluna gəldikdə isə, ATƏT-in bu sahədə fəaliyyəti uzun illərdir tənqid olunur. Xüsusilə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qalıb. Təxminən 30 il ərzində aparılan danışıqlar real nəticə verməyib. Ulu Öndər Heydər Əliyev vaxtilə ATƏT-in Minsk qrupunun fəaliyyətini ironik şəkildə tənqid edərək, qurumun “həddi-buluğa çatdığını” bildirib. Prezident İlham Əliyev də dəfələrlə Minsk qrupunun qeyri-effektiv və qeyri-obyektiv fəaliyyətini tənqid edib. Təsadüfi deyil ki, 2025-ci ildə Azərbaycanın təşəbbüsü ilə həm Azərbaycan, həm də Ermənistan Minsk qrupundan imtina edib. Bu fakt qurumun səmərəsizliyinin açıq göstəricisi kimi dəyərləndirilir. ATƏT-in əməkdaşlıq və təhlükəsizliyin təmin olunması sahəsində resurs imkanları da məhdud hesab olunur. Təşkilat üzv ölkələr arasında dialoq üçün platforma rolunu oynasa da, təhlükəsizliyin təmin olunması və sülhyaratma sahəsində real mexanizmlərə malik deyil. Onun nə silahlı qüvvələri, nə də müstəqil sülhməramlı missiyası mövcuddur".
Müsahib bildirib ki, ATƏT-in fəaliyyəti yüksək dərəcədə siyasiləşib:
"Ermənistan-Azərbaycan münaqişəsi zamanı təşkilat çərçivəsində sistemli şəkildə ikili və qeyri-obyektiv yanaşmalar müşahidə olunub. Bu baxımdan, təşkilatın effektivliyini artırmaq üçün həm fəaliyyət mexanizmlərinə yenidən baxılması, həm də struktur islahatlarının aparılması vacib hesab olunur. Yalnız bu halda ATƏT-in Avropada əməkdaşlıq və təhlükəsizlik sahəsində real nəticələrə yönəlmiş fəaliyyət göstərməsi mümkün ola bilər",-deyə o, fikirlərini yekunlaşdırıb.
Səmayə Səftərova
