“Auditoriya ilə ünsiyyətin özəlliyi,hədəf auditoriyası”
Dekabrın 2-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Auditoriya ilə ünsiyyətin özəlliyi,hədəf auditoriyası” mövzusunda 3-cü kurs tələbələri üçün açıq dərs keçirildi. Professor Sevil Həsənova mövzu ilə bağlı çıxış edərək auditoriya ilə düzgün ünsiyyət qurmağın jurnalist üçün əsas bacarıqlardan biri olduğunu qeyd etdi. O, media məhsulunun hədəf auditoriyasına uyğun şəkildə hazırlanmasının informasiya çatdırılmasının keyfiyyətinə birbaşa təsir etdiyini bildirdi.
Sevil Həsənova həmçinin radionun informasiya ötürülməsində və kütlə ilə əlaqənin formalaşdırılmasında mühüm rol oynadığını vurğuladı. O, radionun operativlik, auditoriya ilə canlı təmas və emosional təsir baxımından digər media platformalarından geri qalmadığını diqqətə çatdırdı.
Açıq dərsdə fakültənin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirova, Jurnalistika ETL-in müdiri dosent Aytəkin Zeynalova, dosent Sevinc Məmmədova, Filologiya elmləri namizədi Arzu İsayeva, Filologiya üzrə fəlsəfə doktoru Günay Məmmədova,ETL-in elmi işçisi Güney Mahmudova və BDU-nun Tədris teleradio studiyasının müdiri Ramin Rzayev iştirak ediblər. Onlar tələbələrlə mövzu ətrafında fikir mübadiləsi apardılar.
Dərsin sonunda tələbələrin hazırladıqları radio verilişləri və podkastlar təqdim olundu. Xoşbəxtlik haqqında podkastı dinləyən müəllim heyəti tələbələrlə birlikdə "Xoşbəxtlik nədir?" sualına cavab axtardılar. Bu təqdimatlar onların nəzəri bilikləri praktik bacarıqlarla birləşdirməsinə və auditoriya ilə ünsiyyət üzrə öz biliklərini tətbiq etməsinə şərait yaratdı.
Banuçiçək Kalbalıyeva
