00:00:00
Yazar
Zəri Bayramlı
13.05.2026 20:47 20 4 dəq oxuma
Siyasət

Auld: London və Bakı arasında strateji tərəfdaşlığın qurulması ən mühüm hadisədir

Auld: London və Bakı arasında strateji tərəfdaşlığın qurulması ən mühüm hadisədir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld London və Bakı arasında ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərarını öz diplomatik missiyasının ən mühüm hadisələrindən biri adlandırıb.


 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, səfirliklər, diplomatik nümayəndəliklər, fəxri konsullar, onların hamısının əsas fəaliyyətindəki qayə ondan ibarətdir ki, öz ölkələri ilə digər yerləşirdikləri məmləkətlərdə böyük bir şərait yaratsınlar ki, münasibətlər, ilk növbədə iqtisadi münasibətlər inkişaf etsin:

 

"Yəni Azərbaycanla Böyük Britaniyanı birləşdirən vacib amillərdən biri odur ki, hər iki ölkə enerji faktorunu əməkdaşlıq kontekstində daim mühüm hesab edib. Bu zəmində də bizim çox yaxşı əlaqələrimiz var. İlk növbədə BP şirkəti Azərbaycanın əzəli tərəfdaşlarından biridir. Ümumiyyətlə, BP-nin yaranma tarixi də Şərqlə, daha dəqiq desək İranla bağlıdır. Amma Azərbaycan da elə faktiki olaraq İranla həmsərhəddir. Yəni bizim ölkə artıq enerji mənbəyi kimi tanınan bölgədir. Bu baxımdan İngiltərə şirkətləri, ilk növbədə isə BP, həmişə bu prosesin iştirakçılarından olub. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanarkən BP də əsas fiqurantlardan biri kimi çıxış edib”.

 

 

Politoloq vurğulayıb ki, dünya inkişaf etdikcə onun enerji təminatı məsələsi həmişə hər şeydən öndə gedir. İqtisadi artımdan söhbət gedirsə, enerji təminatını düşünməmək və bu amili ön plana çıxarmamaq mümkün deyil:

 

 

"Britaniya sənaye və industriya baxımından inkişaf etmiş ölkələrdən biridir. Bu səbəbdən də son 30 ildə - Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Britaniyanın ölkəmizə marağı daha da artıb. Azərbaycan və Britaniyanın maraqları bir çox məqamlarda üst-üstə düşür və münasibətlərin inkişafında səfirliyin də mühüm rolu var. İstər İngiltərənin Azərbaycandakı səfirliyinin, istərsə də Azərbaycanın İngiltərədə fəaliyyət göstərən səfirliyinin özünəməxsus missiyası, öhdəlikləri var.  İqtisadiyyatın sahələri var ki, onlar birincisi uzun müddətli əməkdaşlığa hazırlıq göstərirlər. Digər tərəfdən də o əməkdaşlıq zəminində yeni-yeni proqramlar, yeni-yeni birgə layihələr işlənilir və onları həyata keçirməkdən ötrü də təbii ki, tərəflər həmişə birgə götür-qoy edirlər. Yəni strateji tərəfdaşlıq deyəndə biz  ilk növbədə münasibətlərin uzun müddətli olmasını və gələcəyə tuşlanmasını nəzərə gətiririk".

 

Politoloqun sözlərinə görə, bu imkanlar çərçivəsində də həmişə yeni-yeni sahələr artıq qeyd olur ki, onlarla da bağlı tərəflər  qərar verirlər ki, səylərini birləşdirsinlər və investisiya təminatını üzərinə götürsünlər:

 

 

"Bu istiqamətdə Azərbaycan üçün daha vacib olan məsələ Britaniyanın mütərəqqi texnologiyalarını ölkəmizə gətirməkdir. Bu, çox vacib məsələdir. Çünki hər bir ölkənin qarşısında texnoloji inkişaf və süni intellekt sahəsində nailiyyətlərin əldə olunması məsələsi durur. Biz də burada istisna deyilik və bu baxımdan məsələ bizim üçün olduqca mühümdür.Mən elə başa düşürəm ki, münasibətlərimiz artıq yeni sahələr üzrə inkişaf edir. Burada iqtisadiyyat və sənaye ilə yanaşı, humanitar sahə, sosial məsələlər, mədəni əlaqələr də var. Xalqlar bir-birinə yaxın olmalı, qarşılıqlı münasibətlər daha da güclənməlidir. Münasibətlərin yeni istiqamətlər üzrə şaxələnməsi isə hər zaman yeni perspektivlər vəd edir. O baxımdan biz, əlbəttə ki, İngiltərə ilə hərtərəfli əlaqələrimizi genişləndirməyə hazırıq”.

 

Politoloq açıqlamasında deyib ki, əgər iki tərəf strateji münasibətləri qurub onların zəminində artıq yeni uğurlar əldə ediblərsə, bu o deməkdir ki, Onların niyyətləri sağlamdır, işgüzarlıq yüksək səviyyədədir və bunlar yeni-yeni mövqeləri də göz önünə gətirib onlarla bağlı da həmahəng çalışa bilərlər:

 

 

"Regionumuz həddən artıq vacib rol oynayır. Dünya siyasətində və geoiqtisadiyyatda bizim çox böyük kommunikasiya potensialımız var. Cənubi Qafqaz olaraq Azərbaycan həqiqətən də misilsiz rol oynayıb. Çünki biz nəqliyyat xabı yaratmışıq və bizim üzərimizdən keçən yollar Şərqdən Qərbə, Qərbdən də Şərqə əlaqəni təmin edir. Yəni biz özünəməxsus açar dövlətik və bu baxımdan İngiltərənin də marağında olan odur ki, Azərbaycanda sabitlik etibarlı şəkildə qorunub saxlanılsın. Fikrimcə, bu proseslərdə Bakı ilə London arasında gedən dialoq bütün bu məsələləri diqqət mərkəzində saxlayır. Digər tərəfdən London da yaxşı başa düşür ki, Azərbaycanın səyləri ilə Cənubi Qafqaz demək olar ki, artıq dünya miqyasında vacib bir oyunçuya çevrilib. Azərbaycan bu regionun yükünün təxminən 80-85 faizini daşıyır və eyni zamanda çalışır ki, Cənubi Qafqaz olaraq, “Qafqaz evi” kimi, regionumuzun potensialı daha da artsın, keyfiyyəti yüksəlsin və region olaraq artıq dünya prosesində daha vacib rol oynaya bilək”.

 

Günel Əlili

#hadisədir #strateji #arasında #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər