“Avropa artıq Talibanla əməkdaşlığı qaçılmaz reallıq kimi qəbul edir” - ŞƏRH
Avropa Komissiyası Əfqanıstandakı humanitar böhran və miqrasiya problemləri fonunda “Taliban” nümayəndələri ilə məhdud və qeyri-rəsmi danışıqlara başlamağı nəzərdən keçirir. Məqsəd humanitar yardımların çatdırılması və regionda sabitliyin qorunmasıdır.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyinin Talibanla təmas qurmaq istəyi artıq regiondakı siyasi reallıqlarla hesablaşmaq məcburiyyətindən irəli gəlir:
“Uzun illər Taliban beynəlxalq səviyyədə terrorçu qüvvə kimi təqdim olunurdu və ona qarşı həm ABŞ, həm də Qərb ölkələrinə qarşı hərbi mübarizə aparılırdı. Lakin illərlə davam edən müharibələr göstərdi ki, Talibanı tam şəkildə sıradan çıxarmaq mümkün deyil. Nəticədə həm Sovet İttifaqı, həm də ABŞ Əfqanıstanda istədiyi nəticəni əldə edə bilmədi və Taliban ölkədə əsas hakim qüvvəyə çevrildi. Bu gün artıq dünya dövlətləri Talibanı yox saymaq yox, onunla işləmək məcburiyyəti ilə üz-üzədir.2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra bölgədə yeni siyasi mərhələ formalaşıb.Amerikanın Əfqanıstandan çıxması ilə Taliban ölkədə hakimiyyətini daha da möhkəmləndirdi. Bundan sonra ilk olaraq Rusiya Talibanla münasibətlərini dəyişməyə başladı və təşkilatı terror siyahısından çıxardı. Daha sonra Türkiyə, Pakistan və digər dövlətlər də Talibanla praktik əməkdaşlıq qurmağa üstünlük verdilər. İndi isə Avropa Birliyi də eyni istiqamətdə addım atmağa başlayır. Bu, rəsmi diplomatik tanınma olmasa da, artıq Talibanın regionun dəyişməyən siyasi reallığı kimi qəbul edildiyini göstərir”.
Aydın Quliyev vurğulayıb ki, Əfqanıstanın strateji mövqeyi böyük dövlətlərin marağını artırır:
“Əfqanıstan həm geosiyasi yerləşməsi, həm də təbii resursları baxımından böyük güclər üçün mühüm bölgədir. Çin, Rusiya, Pakistan, Hindistan və Avropa ölkələri üçün bu coğrafiya strateji əhəmiyyət daşıyır. Ona görə də həmin bölgəyə nəzarət edən qüvvə ilə əməkdaşlıq etmək artıq zərurətə çevrilib. Avropa Birliyi də anlayır ki, Əfqanıstandakı humanitar vəziyyətin idarə olunması, miqrasiya axınının qarşısının alınması və regional təhlükəsizlik məsələləri Talibanla təmas olmadan mümkün deyil.Son illərdə Qərbin xarici siyasətində də müəyyən dəyişikliklər müşahidə olunur.Bir müddət əvvəl Avropa siyasətində demokratiya, insan haqları və dəyərlər əsas prioritet kimi təqdim olunurdu. Ancaq hazırda geosiyasi və iqtisadi maraqlar daha ön plana çıxır. Talibanla əməkdaşlıq cəhdləri də bunun nümunəsidir. Avropa artıq ideoloji yanaşmadan daha çox praktiki maraqlar üzərindən siyasət qurmağa çalışır və bu proses gələcəkdə Talibanın beynəlxalq sistemdə daha geniş qəbul olunmasına səbəb ola bilər”.
Ayşə Müzəfərli