“Avropa İttifaqı ABŞ-lə münasibətlərdə balansı itirərsə,…”
Qərb KİV-lərinin məlumatına görə, bir sıra Avropa ölkələrinin liderləri ABŞ-nin sabiq Prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıtmaq ehtimalını nəzərə alaraq koordinasiyalı siyasi strategiya üzərində işləyirlər.
Məsələ ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında qeyd ki, Avropa liderlərini bu cür plan hazırlamağa vadar edən əsas səbəb Donald Trampın hakimiyyətdə olduğu dövrdə yürüdülən siyasətin mahiyyətidir:
“Tramp “Amerikanı Yenidən Böyük Edək” şüarı ilə çıxış edərək ABŞ-nin milli maraqlarını müttəfiqlərin maraqlarından üstün tutub. Trampdan əvvəl ABŞ Avroatlantik əməkdaşlıq çərçivəsində siyasətini formalaşdırarkən Avropanın maraqlarını da nəzərə alırdı. Lakin həmin dövrdə bu yanaşma dəyişib və Vaşinqtonun qərarları daha çox birtərəfli xarakter daşıyıb. Məhz bu amil Avropa paytaxtlarında ciddi narahatlıq doğurub və ortaq mövqe formalaşdırılması zərurətini yaradıb. Əgər Avropa İttifaqı da bundan sonra yalnız öz maraqlarını önə çıxararaq ABŞ-lə münasibətlərdə balansı itirərsə, bu ABŞ–Avropa münasibətlərində gərginliyə səbəb ola bilər. Tərəflər arasında strateji etimadın zəifləməsi xüsusilə NATO çərçivəsində əməkdaşlığa mənfi təsir göstərə bilər. Trampın yenidən hakimiyyətə qayıtması Avropanın təhlükəsizliyi baxımından artıq müəyyən risklər yaradıb. Bu risklər əsasən NATO-nun gələcəyi, ABŞ-nin Avropanın təhlükəsizliyinə verdiyi təminatlar və Rusiyaya qarşı vahid mövqenin zəifləməsi ehtimalları ilə bağlıdır. Avropanın qarşısında duran əsas məqsəd bu riskləri minimuma endirmək, eyni zamanda Tramp faktorunu öz xeyrinə çevirməkdir. Yəni Avropa daha müstəqil təhlükəsizlik və xarici siyasət xətti formalaşdıraraq mümkün siyasi dəyişikliklərə əvvəlcədən hazır olmağa çalışır”.
Ayşə Müzəfərli
