"Avropa İttifaqı ilə yaxınlaşma Azərbaycanın da marağındadır" - Oqtay Qasımov
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Kaya Kallasın bu səfəri son bir ildə onun Bakıya etdiyi ikinci səfərdir və bu səfəri onun İrəvandakı Avropa Siyasi Birliyinin toplantısında iştirakından dərhal sonra həyatı keçirməsi diqqət çəkən məqamdır:
"Kaya Kallas, xüsusilə, Avropanın müəyyən qurumları, Avropa Şurası Parlament Assambleyası kimi qurumlarla Azərbaycan arasında gərginliyi də diqqət alsa onun bu addımı anlaşılandı və burada rasional və konstruktiv düşüncə tərzi və davranışı önə çıxır. Kaya Kallasın bu səfərində bir daha Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin bundan sonrakı inkişafı və perspektivi müzakirə edilib. Bundan başqa enerji, logistika, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı ortaq və faydalı müzakirələr aparılıb. Avropa İttifaqı Güney Qafqazda mövqələrini gücləndirmək istəyir, Belə ki, Rusiya-Ukrayna savaşı, Amerika-İran-İsrail savaşı Avropanın enerji resursları ilə təminatında problemlər yaradır və bu baxımdan Orta Dəhlizin önəmi Avropa üçün ciddi şəkildə artır".
Politoloq qeyd edib ki, Çindən, Şərqi Asiyadan Avropaya daşınmalar əgər normalda 35-45 gün arasında dəyişirsə, Orta Dəhlizlə bu daşınmalar 13-15 gün müddətinə qədər qısaldıla bilir:
"Nəzərə alsaq ki, keçən il Avropa İttifaqının rəhbərliyi Orta Asiya liderləri ilə də görüş keçirib və Orta Dəhlizin infrastrukturunun qurulması üçün Orta Asiya ölkələrinə 12 milyard dollarlıq yardım paketinin verilməsinə razılaşdırılıb. Bu baxımdan, Avropa-Azərbaycan əlaqələri kifayət qədər dərin köklərə malikdir və Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır və Avropa İttifaqı Azərbaycanı enerji sahəsində ən etibarlı tərəfdaşı statusunda görür və bu əlaqələri genişləndirmək niyyətindədir. Avropa İttifaqı ilə yaxınlaşma əlbəttə ki, Azərbaycanın da marağındadır. Çünki bizim ən böyük ticari tərəfdaşımız məhz Avropa İttifaqıdır və Avropanın 10-dan artıq ölkəsinə mavi qaz tədarükü edirik və bu ölkələrlə bizim stratejik tərəfdaşlıq münasibətlərimiz var. Azərbaycan da Qərblə özünün əlaqələrini inkişaf etdirmək və Qərb texnologiyalarının Azərbaycanda tətbiq olunmasına maraqlıdır. Azərbaycan Avropa İttifaqının işğaldan azad olunmuş ərazilərindəki bərpa prosesində də aktiv iştirakını arzulayır".
Zəhra Həsənova