Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana səfər edib- ŞƏRH
Avropa İttifaqı nümayəndə heyəti-Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Şurasının sədri Antonio Kosta, Avropa Parlamentinin sədri Roberta Metsola və Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas İrəvan şəhərinə gəlib. Onlar Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistanın paytaxtına gəliblər.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, ölkəyə səfər edən rəhbərlər sosial-iqtisadi vəziyyəti, insanların rifah səviyyəsini birbaşa müşahidə edirlər:
"Avropa Siyasi Birliyinin İrəvan sammiti əvvəlcədən planlaşdırılan tədbirdir. Növbəti sammitin gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Belə görüşlər həm ikitərəfli münasibətlərin, həm də Ermənistan-Avropa İttifaqı və ümumilikdə Avropa ölkələri ilə əlaqələrin inkişafına müsbət təsir göstərir. Bu cür tədbirlər çərçivəsində çoxsaylı görüşlər və məsləhətləşmələr aparılır. Eyni zamanda, yüksək səviyyəli qonaqlar ev sahibi ölkənin vəziyyəti ilə yerində tanış olmaq imkanı qazanırlar. Bu isə formalaşan fikirlərin daha obyektiv olmasına şərait yaradır. Ölkəyə səfər edən rəhbərlər sosial-iqtisadi vəziyyəti, insanların rifah səviyyəsini birbaşa müşahidə edirlər. Ermənistan hazırda Avropa İttifaqına inteqrasiyanı sürətləndirməyə çalışır. Lakin İrəvan və Brüssel arasında bu məsələyə yanaşmalar fərqlidir. Ermənistan müxtəlif problemlərlə üzləşən, regionda çətin münasibətlərə malik və inteqrasiya proseslərindən kənarda qalmış ölkədir. Bu baxımdan onun subyektliyi ilə bağlı suallar da qalmaqdadır".
Politoloq qeyd edib ki, İrəvan Avropa İttifaqının imkanlarından istifadə edərək sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq niyyətindədir:
“Ancaq bu yanaşma reallıqdan uzaq görünür. Çünki Avropa İttifaqı özü də müəyyən problemlərlə qarşı-qarşıyadır və Ermənistanın əlavə yükünü üzərinə götürməsi Brüssel üçün maraqlı deyil. Bununla belə, tərəflər arasında dialoq formalaşıb və müəyyən yaxınlaşma müşahidə olunur. Lakin bu etimad real addımlarla təsdiqlənməlidir. Ermənistanın imkanları isə bu baxımdan məhduddur. Cənubi Qafqaz regionu Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Burada Azərbaycan xüsusi rol oynayır. Ölkəmiz Şərq və Qərb arasında mühüm nəqliyyat qovşağıdır. Azərbaycanda nəqliyyat və kommunikasiya infrastrukturu işlək vəziyyətdədir və bu da yüklərin fasiləsiz daşınmasına imkan yaradır. Xəzər dənizi vasitəsilə Avropa ilə Orta Asiya və Çin arasında əlaqələr daha da genişlənir. Azərbaycan Avropa İttifaqı üçün mühüm ticarət tərəfdaşıdır. Enerji məhsulları, neft və qaz əsas paya malik olsa da, digər sahələr üzrə də əməkdaşlıq mövcuddur".
Tofiq Abbasov vurğulayıb ki, bütün bunlar Azərbaycanın Avropanın enerji və ümumi təhlükəsizliyində mühüm rol oynadığını göstərir:
"Azərbaycan həm də yaşıl enerji strategiyası çərçivəsində yeni imkanlar təqdim edir. Avropa İttifaqı anlayır ki, Azərbaycan amili olmadan Cənubi Qafqazda sabit və tam bir əməkdaşlıq mühiti formalaşdırmaq çətindir. Qərbin regiona marağı və burada keçirilən tədbirlər ümumilikdə müsbət qiymətləndirilir. Lakin əsas şərt ondan ibarətdir ki, bu proseslər sülhə mane olmasın. Xarici müdaxilələr Ermənistanı yanlış istiqamətlərə yönləndirməməlidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün önəmlidir və tərəfdaşlıq münasibətləri inkişaf edir. Bununla yanaşı, bəzi hallarda siyasi müdaxilə cəhdləri narahatlıq doğurur. Azərbaycan isə suverenliyini qorumaqda qətiyyətlidir. Regionda sabitliyin qorunması baxımından xüsusilə, bəzi Avropa ölkələrinin proseslərə həddindən artıq müdaxiləsi arzuolunmaz hesab olunur. Müxtəlif missiyaların göndərilməsi və fəaliyyətlərinin genişləndirilməsi cəhdləri diqqətlə izlənilir".
Səmayə Səftərova