Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümündə Kiyevdə olacaq
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen vəAvropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümü münasibətilə tədbirlərdə iştirak etmək üçün Ukraynaya səfər edəcəklər.
Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, NATO Baş katibi Ukraynaya dəstəyin davam edəcəyini bəyan edib:
“NATO Baş katibinin ölkəmizə rəsmi səfəri baş tutub. O, Kiyevə səfər edərək Ukraynaya dəstəyin davam edəcəyini bəyan edib. Eyni zamanda Ukraynanın yaşadığı çətinliklərin NATO və Avropa üçün də ortaq problem kimi qiymətləndirildiyi vurğulanıb. Bu yanaşma təbii olaraq Avropa İttifaqının mövqeyi ilə də üst-üstə düşür. Ümumilikdə, Avropa İttifaqı müharibə dövründə Ukraynaya açıq dəstək verir və Rusiyaya qarşı sanksiyaların əsas təşəbbüskarlarından biri hesab olunur. Avropa İttifaqının Ukraynaya həm maliyyə, həm siyasi, həm də hərbi sahədə göstərdiyi dəstək uzun müddətdir davam edir və bu, danılmaz reallıqdır. Ona görə də baş verənlərdə qeyri-adi və ya gözlənilməz bir məqam yoxdur”.
Ekspert qeyd edib ki, Ukraynanın ən böyük dəstəkçiləri məhz Avropa ölkələridir və Avropa İttifaqı da bu ölkələrin yaratdığı institusional bir qurumdur:
“İttifaqın Rusiyanı zəiflətmək məqsədilə tətbiq etdiyi sanksiyalar və Ukraynaya ayırdığı maddi-maliyyə yardımları son dərəcə mühüm əhəmiyyət daşıyır. Bu dəstək Ukraynanın ayaqda qalmasında və müqavimət göstərməsində ciddi rol oynayır. Sözügedən səfər çərçivəsində 2026-cı il üçün Avropa İttifaqının Ukraynaya göstərəcəyi yardımlarla bağlı konkret razılaşmalar və açıqlamaların verilməsi də gözlənilir. Bütün bunları nəzərə alaraq, bu səfəri Ukrayna üçün olduqca əhəmiyyətli hadisə kimi qiymətləndirmək olar”.
Güllər Gülhüseynova
