Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqardın gözlənilməz istefası
Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqardın fevralın 7-də vəzifəsindən istefa verəcəyini açıqlaması Avropada yeni siyasi və iqtisadi müzakirələrə səbəb olub. Qərar Avropanın iqtisadi dalğalanmalar və gərgin siyasi proseslərlə üzləşdiyi həssas bir dövrə təsadüf edir.
“Görülən işin qüruru ilə ayrılıram”
70 yaşlı Kristin Laqard sosial şəbəkələrdə yayımladığı qısa videoda qurumu gələcək çağırışlara hazır vəziyyətdə qoyduğunu bildirib. O, əldə olunan nəticələrdən məmnunluq duyaraq vəzifəsindən ayrıldığını qeyd edib.
Fransanın sabiq maliyyə naziri və Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş rəhbəri olan Laqardın bu qərarının arxasında Fransa və qlobal miqyasda siyasi proseslərdə daha fəal iştirak etmək istəyinin dayandığı bildirilir. Onun səlahiyyət müddəti, əslində, gələn ilin oktyabrında başa çatmalı idi. Bununla belə, son aylarda rəhbərin vəzifəsini vaxtından əvvəl tərk edə biləcəyi ilə bağlı iddialar səslənirdi. Dünya İqtisadi Forumu da onun mümkün fəaliyyət istiqamətlərindən biri kimi göstərilirdi.
Bazarlar sakitdir, varislik üçün namizədlər ön plandadır
Laqardın vəzifəsini vaxtından əvvəl tərk edəcəyi ilə bağlı xəbər maliyyə bazarlarında ciddi reaksiyaya səbəb olmayıb. Bəzi analitiklər bunu AMB-nin rəhbər dəyişikliyindən asılı olmayaraq, güclü institusional nüfuz qazanması ilə izah edirlər.
“Goldman Sachs” şirkətinin nümayəndəsi Simon Danoor bildirib ki, bazar iştirakçıları AMB-nin fəaliyyət mexanizmini yaxşı tanıyırlar. Buna görə də quruma kimin rəhbərlik etməsindən asılı olmayaraq, onun siyasətində ciddi dəyişiklik gözlənilmir.
Laqardın mümkün varisləri arasında Niderland və İspaniya mərkəzi banklarının sabiq rəhbərləri Klaas Knot və Pablo Ernandez de Kosun adları çəkilir. “Danske Bank”ın iqtisadçısı Piet Xristiansen onların hər ikisinin yüksək ixtisaslı mütəxəssis olduğunu vurğulayaraq, bu dəyişikliyin maliyyə bazarları üçün ciddi əhəmiyyət daşımadığını bildirib.
Avropa Şurasının prezidenti Antonio Kosta isə yeni rəhbərin seçilməsi prosesinə dərhal başlanacağını açıqlayıb.
Siyasi dairələrdə istefaya fərqli münasibət
Laqardın qərarı siyasi dairələrdə birmənalı qarşılanmayıb. Xüsusilə Avropa Parlamentində təmsil olunan bəzi siyasətçilər rəhbərin vəzifəsini vaxtından əvvəl tərk etməsini tənqid ediblər.
Fransanın sağçı siyasi qüvvələrindən birinin seçki manifestinə cavabdeh olan Jan-Filip Tanqyu “Reuters” agentliyinə açıqlamasında Laqardın istefasını qanunun aliliyinə hörmətsizlik kimi qiymətləndirib. O, bu qərarı “növbəti təhqir və təəssüf doğuran hal” adlandırıb.
Avropa Parlamentinin almaniyalı üzvü Markus Ferber də qərara tənqidi yanaşıb. O bildirib ki, yüksək inflyasiya, həssas istiqraz bazarları və qarşıdan gələn seçkilər fonunda istefanın bu vaxta təsadüf etməsi AMB-yə olan etimadı zəiflədə bilər. Ferberin fikrincə, qurumun müstəqilliyi milli siyasi maraqlardan üstün tutulmalıdır.
Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) rəhbəri Marsel Fratzşer isə fərqli mövqe nümayiş etdirib. O, Laqardın bu qərarla Avropaya qarşı məsuliyyət hissini ortaya qoyduğunu və Avropa hökumətlərinə qurumun dəyərlərini qoruyacaq yeni rəhbər seçmək imkanı yaratdığını bildirib.
İqtisadi çağırışlar və faiz dərəcələri ilə bağlı gözləntilər
Laqardın istefası AMB-nin inflyasiya təzyiqləri ilə mübarizə apardığı mürəkkəb dövrə təsadüf edir. İran müharibəsi fonunda yaranan neft qiyməti şoklarının inflyasiyaya təsiri də qurumun qarşısında duran əsas çağırışlardan biri kimi göstərilir.
Bununla yanaşı, dövlət istiqrazlarının gəlirliliyinin artması, xüsusilə yüksək dövlət borcu olan Fransada, ev təsərrüfatları və biznes subyektləri üçün maliyyələşmə xərclərini artırır.
Ekspertlərin qiymətləndirmələrinə görə, davam edən inflyasiya təzyiqləri AMB-nin qarşıdakı iclasda depozit faiz dərəcəsini 2,5 faiz səviyyəsində saxlamasına səbəb ola bilər. Bununla belə, ilin sonuna doğru, xüsusilə dekabr ayında faiz artımı ehtimalı da gündəmdə qalır.
Pul bazarlarının gözləntilərinə əsasən, AMB gələn ilin sonunadək faiz dərəcələrini daha üç dəfə artıraraq 3,25 faizə çatdıra bilər.
Ayşə Cəfərova