Avropa Qrenlandiya ilə bağlı ABŞ-yə qarşı çıxır
Fransa və Almaniyadan hərbi heyətlər Qrenlandiyaya göndərilib. Danimarka və onun müttəfiqləri isə bu il adada hərbi təlimlər keçirməyə hazırlaşır. Məqsəd Arktika bölgəsində təhlükəsizliyin təmin olunduğunu ABŞ-yə göstərməkdir. Lakin Ağ evdə Danimarka və Qrenlandiya rəsmiləri ilə keçirilən görüş nəticəsiz başa çatıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa ölkələri ABŞ-nin Qrenlandiyanı işğal etməsi ehtimalını qətiyyən qəbul etmək istəmir:
“Avropa ölkələri buna qarşı çıxmaq üçün müxtəlif variantlardan istifadə edəcəklər. Bu, Avropanın təhlükəsizliyi üçün olduqca vacib məsələdir. ABŞ Danimarkanın hüquqi ərazisi olan Qrenlandiyanı ələ keçirərsə, bu, Avropa İttifaqının nüfuzu üçün çox böyük təhlükədir. Belə bir addım NATO-da çatlaq səslərinin meydana gəlməsinə gətirib çıxara bilər. NATO bununla parçalana bilər ki, bu da ən çox Avropa ölkələrinin ziyanına işləyəcək məsələdir. Çünki Avropada təhlükəsizliklə bağlı çox ciddi problemlər var”.
Müsahib qeyd edib ki, son illərdə baş verən hadisələr Avropanın öz təhlükəsizliyini təmin etməkdə çətinlik çəkdiyini göstərir:
“Xüsusilə, Rusiya-Ukrayna münaqişəsi və ABŞ-nin Çinlə münasibətləri onu göstərir ki, Avropa öz təhlükəsizliyini təkbaşına təmin etmək gücündə deyil. NATO-nun köməyinə ciddi ehtiyac var. Bütün bu amillər Qrenlandiyanın işğal məsələsinin müəyyən qədər kölgədə qalmasına səbəb olur. Avropa ölkələri çalışırlar ki, ABŞ ilə münaqişə yaranmasın. Ehtimal ki, gələcəkdə Fransa bu məsələni gündəmə gətirəcək və Avropanın ümumi ordusunun yaradılması mövzusu yenidən müzakirəyə çıxarıla bilər. ABŞ çalışır ki, Avropanın ümumi ordusu yaradılmadan Qrenlandiya məsələsini həll etsin. Əgər bacarmasa, bu, çox ciddi problemlər yarada bilər. ABŞ hazırda Avropaya başa salmağa çalışır ki, siz məndən asılısınız və illər ərzində mən sizi müdafiə etmişəm. Buna görə də Qrenlandiyanı ələ keçirə bilərəm. Əgər Avropa dövlətləri Qrenlandiya məsələsində birləşərsə, ABŞ-nin Qrenlandiyanı ələ keçirmə planı təxirə düşə bilər”.
Fatimə Hüseynli
