Şuşanın tarixi qayıdışı: Azadlıq Azərbaycan tarixində yeni mərhələ açdı
28 il işğal altında qalan Şuşa bu müddət ərzində öz milli-mənəvi dəyərlərini və tarixi kimliyini qoruyub saxladı. 2020-ci il noyabrın 8-də şəhərin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişinə ciddi təsir göstərməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm tarixi hadisəyə çevrildi. Şuşanın azadlığı həm də xalqın milli ruhunun, tarixi yaddaşının və mədəni irsinin qorunmasının rəmzi oldu.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, 30 ildən artıq işğal altında qalmasına baxmayaraq, Şuşa milli ruhunu və Azərbaycana məxsus kimliyini itirmədi:
“Şuşa Azərbaycan xalqının milli mentalitetinə və mənəvi dəyərlərinə uyğun formalaşmış şəhərdir. Onun qurucuları Azərbaycan türkləri olmuş, şəhərin kökündə xalqımızın milli-mənəvi dəyərləri və dini baxışları dayanıb. Bu səbəbdən Şuşanın öz tarixi kimliyindən uzaqlaşması və özgələşməsi asan deyildi. Həmçinin işğal dövründə də Şuşanın Azərbaycanın ayrılmaz hissəsi olduğu və gələcəkdə yenidən ölkəmizə qovuşacağı fikri daim təbliğ olunub”.
Aydın Quliyevin sözlərinə görə ermənilər Şuşanın milli-mədəni dəyərləri və tarixi abidələrini dağıtsalar da, şəhərin Azərbaycana məxsusluğuna dair təbliğat həm ölkə daxilində, həm də xaricdə daim davam etdirdi. Alimlər bu istiqamətdə tədqiqatlar aparır, orta məktəblərdə Şuşanın Azərbaycan şəhəri olması ilə bağlı maarifləndirmə işləri görülür, mətbuat isə Şuşanın bir an belə unudulmasına imkan vermirdi:
“ Siyasi partiyalar və qeyri-hökumət təşkilatları da “Şuşasız Azərbaycan olmaz” tezisini və bu ideyanı daim təbliğ edirdilər. Belə şəraitdə Şuşanın işğal altında qalması onun erməniləşdirilməsinə imkan verə bilməzdi. Buna görə də Şuşa işğal dövründə 30 il ərzində Azərbaycanın nəzarətindən kənarda qalsa da, onu erməniləşdirmək və öz tarixi kimliyindən uzaqlaşdırmaq mümkün olmadı”.
Siyasi şərhçi bildirir ki, Şuşanın azad olunması Vətən müharibəsinin taleyini həll edən hadisələrdən biri oldu. Şəhərin azad edilməsi həm taktiki-hərbi, həm də mənəvi, tarixi və siyasi baxımdan müharibənin gedişinə həlledici təsir göstərdi. Bununla yanaşı, Şuşanın azad olunması təkcə Vətən müharibəsinin deyil, bütövlükdə regionun gələcək taleyinin dəyişməsində mühüm rol oynadı və bölgədə erməni təcavüzkarlığının qarşısının alınması baxımından yeni mərhələnin başlanğıcı oldu:
“Şuşanın azad edilməsi separatçıların əsas mərkəzi olan Xankəndi ilə Ermənistan arasındakı əlaqəni xeyli dərəcədə çətinləşdirdi. Azərbaycanın Şuşada mövqelərini möhkəmləndirməsi Ermənistanın Xankəndi ilə əlaqəsini tamamilə kəsmək imkanı yaradırdı. Məhz buna görə də Qarabağ münaqişəsinin həllini uzun müddət öz nəzarətində saxlamağa çalışan Rusiya Şuşanın Azərbaycana qaytarılması ilə razılaşmırdı. Rusiyanın Qarabağ münaqişəsinin həllinə dair məqsədi isə problemin iki mərhələdə həll olunmasına nail olmaq idi”.
Aydın Quliyev vurğulayır ki, Rusiyanın planına əsasən, keçmiş Dağlıq Qarabağın ətrafındakı rayonlar Azərbaycana qaytarılmalı, Şuşa, Laçın və Kəlbəcər isə Ermənistanın nəzarətində qalmalı idi. Bu yolla Rusiya Qarabağ probleminin növbəti mərhələlərində də bölgədəki mövcudluğunu və təsirini qorumağı hədəfləyirdi. Şuşanın azad edilməsi mürəkkəb olsa da, Azərbaycan Prezidenti bu məsələyə xüsusi əhəmiyyət verirdi. Şəhərin azad olunması Rusiyanın bölgədəki uzunmüddətli planlarına ciddi zərbə vurdu. Rusiya rəhbərliyi Azərbaycanın bu addımından narazı qalsa da, Şuşanın məhz həmin vaxt azad edilməsi mühüm əhəmiyyət daşıyırdı:
“Şuşanın azad olunmasından sonra Ermənistan müqavimət göstərməyin mənasız olduğunu anladı. Çünki Şuşa Ermənistandan Xankəndiyə gedən yol üzərində yerləşdiyindən, Azərbaycanın bu mövqedən istifadə edərək Xankəndi ilə Ermənistan arasındakı əlaqəni kəsmək və separatçı rejimin fəaliyyətinə son qoymaq imkanı var idi. Buna görə də Şuşanın azad olunması tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Rusiyanın bölgədə separatizm üzərindən qurduğu yeni geosiyasi planlara da ciddi zərbə vurdu”.
Aynur Əhmədli