Seneqal sahillərində Avropaya üz tutan miqrantların olduğu qayıq batıb: 34 nəfər həlak olub
Seneqal sahillərində İspaniyanın Kanar adalarına doğru hərəkət edən miqrant qayığının batması nəticəsində azı 34 nəfər həyatını itirib.
BBC xəbər verir ki, bu barədə Seneqal Mətbuat Agentliyi (APS) rəsmi mənbəyə istinadən məlumat yayıb.
Seneqal Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı yalnız bir nəfəri xilas etmək mümkün olub. Hazırda itkin düşənlərin dəqiq sayı məlum deyil.
Kiçik taxta qayıq paytaxt Dakarla ölkənin şimalında yerləşən Sen-Lui şəhəri arasında, Atlantik okeanında aşıb. Seneqallı miqrantlara yardım göstərən “Boza Fii” təşkilatının rəhbəri Saliou Diouf AFP-yə bildirib ki, indiyədək sudan çıxarılan bütün meyitlər Seneqal vətəndaşlarına məxsusdur. Digər sərnişinlərin vətəndaşlığı isə hələ müəyyənləşdirilməyib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Seneqal Prezidenti Bassirou Diomaye Faye faciə qurbanlarının ailələrinə başsağlığı verib və ölkə vətəndaşlarını təhlükəli dəniz səfərlərindən çəkinməyə çağırıb. O, “X” sosial şəbəkəsində paylaşdığı bəyanatda qanunsuz miqrasiya səfərlərini təşkil edən şəbəkələrə qarşı mübarizənin gücləndiriləcəyini bildirib.
“Bu səfərləri təşkil edən şəxslərə qarşı mübarizəni və gənclərimizə öz ölkələrində ümid verəcək imkanların yaradılması istiqamətində səylərimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə prezident vurğulayıb.
Atlantik marşrutunda ölüm halları artır
İspaniyanın miqrant hüquqlarını müdafiə edən “Walking Borders” təşkilatının məlumatına görə, 2026-cı ilin yanvar-may ayları ərzində Qərbi Afrikadan Kanar adalarına uzanan Atlantik marşrutunda 635 nəfər həyatını itirib. Bu, təşkilatın monitorinq apardığı miqrasiya marşrutları arasında ən yüksək ölüm göstəricisidir.
Təşkilatın hesablamalarına əsasən, Kanar adalarına dəniz yolu ilə çatan hər 100 nəfərdən təxminən 21-i səfər zamanı həyatını itirir.
Seneqal hakimiyyəti cümə günü İspaniyaya doğru hərəkət edən və göyərtəsində 142 miqrantın olduğu daha bir qayığın qarşısını alıb. Sərnişinlər arasında 23 qadın, iki körpə və daha iki uşaq olub. Onların Seneqal, Qambiya, Qvineya-Bisau, Qvineya və Nigeriya vətəndaşları olduğu bildirilir.
Kanar adalarına miqrant axını artır
İspaniyanın El-İerro adasında miqrant axınının kəskin artması səbəbindən şənbə günü fövqəladə vəziyyət elan edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, noyabrın əvvəlindən etibarən 30-dan çox qayıqla adaya 3 300-dən artıq miqrant gəlib.
Kanar adaları Qərbi Afrikadan Avropaya keçmək istəyən miqrant və qaçqınlar üçün əsas giriş marşrutlarından birinə çevrilib. Avropa ölkələri ilə Şimali Afrika dövlətləri arasında sərhəd nəzarətinin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi nəticəsində bəzi miqrantların Aralıq dənizi əvəzinə Atlantik marşrutuna üstünlük verdiyi ehtimal olunur.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına əsasən, Seneqalda məhdud məşğulluq imkanları, ailə təzyiqləri və formalaşmış miqrasiya şəbəkələri insanların ölkəni tərk etməsinin əsas səbəbləri sırasındadır. Xüsusilə gənclər üçün xaricdə iş tapmaq və daha yüksək gəlir əldə etmək arzusu həyatları üçün ciddi təhlükə yaradan dəniz səfərlərinə baxmayaraq, cəlbediciliyini qoruyur.
Seneqalın statistika qurumunun məlumatına görə, 2026-cı ilin ikinci rübündə ölkədə hər dörd gəncdən təxminən biri işsiz olub. Bu göstərici 2024-cü il seçkilərində əsasən gənclərin dəstəyi ilə hakimiyyətə gələn Prezident Bassirou Diomaye Faye hökumətinin qarşısında duran məşğulluq probleminin miqyasını göstərir.
Seneqal Daxili İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda insan qaçaqmalçılığı ilə məşğul olan şəbəkələrə qarşı mübarizənin davam etdiriləcəyini, o cümlədən qonşu ölkələrlə əməkdaşlığın gücləndiriləcəyini açıqlayıb.
BBC
Gülnar Mustafayeva