Avropanın tez silahlanması lazımdır - Kallas
Avropanın 2030-cu il hədəflərinə çatması üçün müdafiə sahəsində daha sürətli və effektiv addımlar atması, hərbi imkanlarını genişləndirməsi və silahlanmaya ayrılan resursları artırması tələb olunur. Regionda təhlükəsizlik risklərinin artması fonunda Avropa ölkələri müdafiə potensialının gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Avropanın təcili silahlanmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsi fonunda artan təhlükə və ABŞ-dən gələn dəstəyin gələcəyi ilə bağlı qeyri-müəyyənlikdir:
“Avropanın təcili silahlanmasının əsas səbəbi, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiyanın Avropa üzərində təsirini artırmasıdır. Avropa kifayət qədər ciddi təhlükə hiss edir. Xüsusilə, Şərqi Avropa istiqamətində təhlükənin miqyası çox böyükdür. Buna görə də, Avropa fikirləşib ki, artıq Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-dən də da bir o qədər dəstək ala bilmir və silahlanmaya daha çox güç ayırmaq istəyir”.
Ekspert qeyd edib ki, digər məsələ isə İranın balistik raket proqramını genişləndirməsidir. İran uzun müddətdir uzaq mənzilli raket proqramını inkişaf etdirir və bir müddət önce İran rəsmiləri də bildirib ki, yeni baş verəcək ABŞ-İran müharibəsində İran müharibənin arealını genişləndirə bilər. Burada ABŞ də müdafiə zolağı yaradacaq, ancaq Avropa ölkələrinin özünün də təhlükəsizliyini qorumaq üçün silahlanmasına ciddi ehtiyac var.
Zeynal Əmrəliyevin sözlərinə görə, Çin də son zamanlarda müdafiə sənayesi sahəsində ciddi şəkildə əməkdaşlıq aparır. Avropa ölkələrindən, burada da əlbəttə ki, müəyyən qədər Çinin təsirinin artması hiss olunur. Buna görə də, bu təsiri də neytrallaşdırmaq üçün Avropa ölkələrinin öz müdafiə sənayesini gücləndirməsinə ciddi şəkildə ehtiyac var.
Siyasi şərhçi əlavə edib ki, Avropa sürətli şəkildə silahlanacaq. Kaya Kallasın dediyində həqiqət var və artıq bu rəsmi qəbul olunan proqram şəkildə həyata keçiriləcək.
Arzum Ağazadə