Avtobus sürücülərinin psixoloji yükü: şəhər həyatının görünməyən tərəfi
Paytaxtın günün hər saatı hərəkətdə olan ictimai nəqliyyat sistemi minlərlə insanın həyat ritmini təyin edir. Ancaq avtobusların sükanı arxasında əyləşən sürücülərin gündəlik yükü çox zaman diqqətdən kənarda qalır. Onlar hər gün tıxac, sərnişin təzyiqi, vaxt darlığı və təhlükəli yol şəraiti ilə üz-üzə qalaraq həm öz həyatlarını, həm də daşıdıqları insanların təhlükəsizliyini təmin etməyə çalışırlar.
Bu mövzu ilə bağlı psixoloq, yaşam koçu Günel Əkbərova “İnformator.az”a bildirib ki, bir çox iş yerlərində qrafik sistemi- bir gün iş, bir gün istirahət - tətbiq olunur:
“Lakin bununla yanaşı işçilərin psixoloji maarifləndirilməsi də çox vacibdir. Aqressiv vəziyyətlərin idarə olunması, stresslə mübarizə və ünsiyyət bacarıqları üzrə təlimlər mütləq şəkildə keçirilməlidir. Şirkət rəhbərləri, psixoloqlar və əmək münasibətlərinə cavabdeh olan mütəxəssislər bu prosesə birbaşa cəlb olunmalıdırlar. Hər həftə psixoloji təlimlərin təşkili həm iş mühitinə, həm də əməkdaşların fərdi inkişafına böyük fayda verir. İstehsalat mühitində səsin idarə olunması, düzgün davranış texnikalarının öyrədilməsi də zəruri məsələlərdəndir. Bəzi şirkətlərdə artıq daimi psixoloq vakansiyaları mövcuddur və işçilərdə ciddi problemlər yarananda dərhal psixoloji dəstək göstərirlər. Bu, həm kollektiv münasibətlərinə, həm də ümumi iş effektliyinə müsbət təsir edir. Əks halda psixoloji nəzarətsizlik və düzgün idarəetmənin olmaması ciddi risklər yarada bilər. Ona görə də işə qəbul zamanı həm fiziki, həm də psixoloji vəziyyətin qiymətləndirilməsi çox önəmlidir”.
Avtobus sürücüsü Rasim Qafarov öz fikirlərini bizimlə bölüşüb, xüsusilə pik saatlarda sərnişinlərin davranışları işi daha da gərginləşdirir:
“Pik saatlarda insanlar çox tələsik və əsəbi olurlar. Hərə bir tərəfə dartır, qapı bağlanmamış içəri girməyə çalışırlar. Bəzən bir-birinə qışqırırlar, bəzən də bizə irad tuturlar. Açığı, onları da anlayıram, amma bir anda həm yolu, həm də avtobusun içini idarə etmək çox çətin olur. Sadəcə səssiz qalırıq və işi davam etdiririk".
Sərnişin Gövhər Mehyəddinova sözlərinə görə, sürücü davranışı sərnişinlərin təhlükəsizliyi üçün ən vacib amillərdən biridir:
"Buna misal olaraq təhlükəsizlik kəmərinin taxılması, qəfil əyləc etməmək və sərnişinlərlə nəzakətli davranmaq kimi nüansları göstərmək olar. Sərnişinlərlə nəzakətli davranmaq dedikdə isə bunu nəzərdə tuturam: mən özüm dəfələrlə şahid oluram ki, sərnişin kartını oxuducuya yaxınlaşdırır, ödəniş edir, lakin cihazda “Kartınızı yenidən göstərin” bildirişi çıxır. Sərnişin kartı yenidən göstərərkən sürücü səsini və tonunu qaldıraraq, kobud şəkildə “tez olun, tələsirik” kimi sözlər deyir. Halbuki sürücü eyni sözləri sakit və nəzakətli şəkildə ifadə etsə, bu həm daha peşəkar, həm də daha düzgün davranış olar".
Cavahir Əsgərbəyli
