Avtobusların gecikməsi sərnişinlərin narazılığına səbəb olub
Şəhərdaxili marşrutlarda avtobusların gecikməsi sərnişinlərin gündəlik hərəkətinə mane olur. Xüsusilə pik saatlarda bu problem işə və dərsə tələsən vətəndaşların narazılığına səbəb olub.
Şəhərdaxili marşrutlardan istifadə edən sakin Leyla Əliyeva “İnformator.az”a bildirib ki, hər gün avtobusların gecikməsi səbəbindən dayanacaqlarda uzun müddət gözləməli olur:
“İşə və dərsə tələsdiyimiz halda dayanacaqlarda uzun müddət qalmağa məcbur oluruq. Pik saatlarda sıxlıq o həddə çatır ki, nə minib getmək, nə də yerindən tərpənmək olur”.
İllərdir avtobus sürücüsü olan Samir Alışov isə gecikmələrə görə daim sərnişinlərin iradları ilə üzləşdiyini deyib:
“Yollardakı tıxaclar, dar küçələr və dayanacaqlarda yaranan sıxlıq qrafiki tam pozur. Pik saatlarda avtobusu idarə etmək həm çətinləşir, həm də vaxt itkisi qaçılmaz olur. Axırda narazılıq sürücüyə yönəlir, halbuki problemin kökü ümumi nəqliyyat sistemindədir”.
AYNA-nın media ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Günay Elşadqızı qeyd edib ki, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir:
“İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində 112 km-dən artıq avtobus zolağı təşkil edilib. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Yeni zolaqların salınması istiqamətində iş aparılır. Əlavə olaraq, avtobus parkının yenilənməsi və artırılması mərhələli qaydada həyata keçirilir. Ötən ay 30-a yaxın yeni avtobus daşıyıcılar tərəfindən paytaxta gətirilərək xətlər üzrə yenilənib. İl ərzində isə Bakıya 220-dən artıq avtobus gətirilib. Ölkə üzrə il ərzində ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu, həm şəhərdaxili, həm rayondaxili, həm də şəhərlərarası avtobuslara aiddir. Bütün bunlar ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”.
Fidan Alışova
