00:00:00
Yazar
Admin User
29.12.2025 16:09 94 2 dəq oxuma
Sosial

Avtomobil yanğınları: sürücülər nələri bilməlidir?

Avtomobil yanğınları: sürücülər nələri bilməlidir?

Son vaxtlar avtomobil yanğınları ilə bağlı hadisələrin sayı artmaqdadır. Bu cür hallar təkcə maddi ziyanla yekunlaşmır, eyni zamanda sürücülər və sərnişinlər üçün ciddi həyat təhlükəsi yaradır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobil yanğınları əsasən texniki nasazlıqlar nəticəsində baş verir və diqqətli davranışla bu risklərin qarşısını almaq mümkündür:

 

“Avtomobil yanğınları çox vaxt elektrik naqillərində yaranan qısaqapanma ilə əlaqəli olur. Qeyri-peşəkar şəkildə quraşdırılmış siqnalizasiya sistemləri, audiosistemlər və digər əlavə elektrik avadanlıqları bu riskləri artırır. Yanacaq sızması da əsas səbəblərdən biridir. Köhnəlmiş borular və şlanqlar yanacaq sızmasına gətirib çıxara bilər. Mühərrikin həddindən artıq qızması da yanğın riskini artıran amillərdəndir. Bu, əsasən yağ sistemində baş verən nasazlıqlarla əlaqəli olur. Yağ sızmasının yüksək temperatur olan hissələrə düşməsi alışmaya səbəb ola bilər. Qazla işləyən avtomobillərdə və LPG avadanlığı quraşdırılmış nəqliyyat vasitələrində isə avadanlığın nasazlığı partlayış və ya yanğınla nəticələnə bilər. Qəza sonrası gözə çarpmayan, gizli qalan texniki zədələr də sonradan yanğına yol aça bilər. Statistikaya görə, yanğınların böyük əksəriyyəti məhz texniki nasazlıqlardan yaranır. Sürət və yol şəraiti isə bu hallarda ikinci planda qalır".

 

Ekspert sürücülərin elementar təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyini vurğulayıb:

 

“Avtomobildə yanmış plastik iyi, yanıq qoxusu və ya benzin qoxusu hiss edildikdə, dərhal nəqliyyat vasitəsini yolun kənarında təhlükəsiz şəkildə saxlamaq və vəziyyəti yoxlamaq lazımdır. İdarəetmə panelindəki xəbərdarlıq işıqlarına diqqət yetirilməlidir. Mühərrik, yağ və temperatur göstəriciləri daim nəzarətdə saxlanmalıdır. Laqeydlik yolverilməzdir, çünki bu xəbərdarlıqlar hər hansı nasazlıq barədə məlumat verir və mütləq reaksiya tələb edir.

Siqaret alışqanına qoşulan müxtəlif cihazlar, ucuz adapterlər və əlavə naqillər təhlükə mənbəyidir. Bu cür avadanlıqlardan nəzarətsiz istifadə etmək məsləhət görülmür. Avtomobildə mütləq işlək vəziyyətdə olan yanğınsöndürən balon olmalı və əlçatan yerdə saxlanılmalıdır. Qaz avadanlığı quraşdırılmış avtomobillər isə vaxtaşırı sertifikatlı texniki baxışdan keçirilməlidir. Bu məsuliyyət birbaşa sürücünün üzərinə düşür və yoxlama müvafiq qurumlarda aparılmalıdır".

 

Ekspert yanğın baş verdikdə davranış qaydalarına da toxunub:

 

“Yanğın zamanı panikaya düşməmək vacibdir. Avtomobili təhlükəsiz yerdə saxlamaq, mühərriki söndürmək və sərnişinləri sakit şəkildə nəqliyyat vasitəsindən çıxarmaq lazımdır. Əgər yanğınsöndürən balon varsa, onu aralı məsafədən istifadə etmək olar. Mühərrik qapağını tam açmaq olmaz, çünki oksigenlə təmas alovu daha da gücləndirə bilər. Əgər yanğını söndürmək mümkün deyilsə və alov böyüyürsə, dərhal 112-yə zəng edilməli və ərazidən uzaqlaşılmalıdır. Alovun digər avtomobillər və insanlar üçün təhlükə yaratdığı hallarda isə 102-yə də məlumat verilməsi vacibdir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər