00:00:00
Yazar
Səadət Əlizadə
18.09.2026 21:16 59 2 dəq oxuma
Siyasət

Axios: ABŞ Yaxın Şərqdəki hazırkı hərbi qüvvələrini uzun müddət saxlaya bilməyəcək

Axios: ABŞ Yaxın Şərqdəki hazırkı hərbi qüvvələrini uzun müddət saxlaya bilməyəcək

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki hazırkı say tərkibini uzun müddət saxlamaq mümkün olmayacaq və Prezident Donald Tramp yaxın zamanda regiondakı qüvvələrin gələcək fəaliyyəti ilə bağlı qərar verməli olacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ qüvvələrinin Yaxın Şərqdə uzun müddət yüksək hazırlıq vəziyyətində saxlanılması ilk növbədə hərbi personalın rotasiyasını, sursat ehtiyatlarını, hava hücumundan müdafiə sistemlərini və donanmanın imkanlarını yükləyir:

 

"Bu isə Avropada Rusiyanın qarşısının alınması və NATO-nun şərq cinahının müdafiəsi üçün ayrılan resursların çevikliyini azalda, Hind-Sakit okean regionunda isə Çin qarşısında çəkindiricilik imkanlarında müvəqqəti boşluqlar yarada bilər. Artıq Yaponiyada yerləşən aviadaşıyıcının Yaxın Şərqə yönəldilməsi Sakit okeanın qərbində belə bir boşluğun yarana biləcəyini göstərib. Lakin söhbət ABŞ-nin Avropa və Asiyadan tam çəkilməsindən deyil, böhran anında hansı regiona üstünlük verəcəyinin daha çətin seçimə çevrilməsindən gedir.

Hazırkı vəziyyət ABŞ-nin eyni anda bir neçə regionda hərbi mövcudluq saxlaya bildiyini, lakin bütün istiqamətlərdə uzunmüddətli və yüksək intensivlikli əməliyyat aparmaq imkanlarının məhdud olduğunu göstərir. Vaşinqton qısa müddətdə qüvvələri bir cəbhədən digərinə keçirə bilər, ancaq bu temp uzandıqca şəxsi heyətin, texnikanın və sursat ehtiyatlarının aşınması sürətlənir. Buna görə Tramp administrasiyası ya Yaxın Şərqdəki qüvvələri azaltmalı, ya müttəfiqlərdən daha böyük hərbi yük götürmələrini tələb etməli, ya da digər regionlarda müəyyən riskləri qəbul etməlidir. Başqa sözlə, problem ABŞ-nin hərbi gücünün tükənməsi deyil, onun qlobal öhdəlikləri ilə uzun müddət istifadəyə hazır real qüvvələri arasındakı fərqin böyüməsidir".

 

Səadət Əlizadə

#axios: #yaxın #yeni #hazırkı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər