“Azərbaycan ABŞ üçün əsas strateji tərəfdaşdır”- ŞƏRH
Azərbaycan və ABŞ anti-terror əməliyyatlarında əməkdaşlıq edəcək. Bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib. Prezident qeyd edib ki, Azərbaycan və ABŞ arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Amerikanın anti-terror əməkdaşlığı əslində yeni deyil:
“Azərbaycan 2021-ci il 11 sentyabr hadisələrindən sonra Amerikanın anti-terror fəaliyyətində əsas tərəfdaşlardan biri olub. Həm logistik dəstək, həm də sülhməramlı missiyalarla dəstək verilib. Vensin səfəri zamanı imzalanan strateji tərəfdaşlıq xartiyası və verilən bəyanatlar bu əməkdaşlığın rəsmiləşdiyini göstərir. Amerika terrora qarşı mübarizədə, o cümlədən qlobal təhlükəsizliyin təmin edilməsində Azərbaycanın təcrübəsindən və sülhməramlı missiyasından istifadə edəcək. Bu əməkdaşlıq bölgədə güc balansını Azərbaycanın xeyrinə dəyişən amildir”.
Politoloq əlavə edib ki, Azərbaycanın daxili təhlükəsizliyi yüksək səviyyədə qorunur, lakin regional proseslər zaman-zaman risk yarada bilər:
“Faktiki olaraq, rəsmi Bakı Vaşinqton üçün regionda əsas tərəfdaşdır. Amerika da qəbul edir ki, bu regionda əsas güc və həlledici oyunçu Azərbaycandır. Azərbaycanın bölgənin təhlükəsizliyində lider rolu və Amerikalının siyasi və iqtisadi maraqlarını qorumaq niyyəti bu əməkdaşlığı daha strateji edir. Burada yalnız Cənubi Qafqaz deyil, Mərkəzi Asiya və Orta Dəhliz marşrutu üzrə coğrafiya da nəzərə alınır. Strateji tərəfdaşlıq xartiyasında, məsələn, kritik mineralların tranzitinin asanlaşdırılması da nəzərdə tutulur. Bu isə Azərbaycanın həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya siyasətində önəmli tərəfdaş olduğunu göstərir”.
Günel Əlili
