00:00:00
Yazar
Ayan Sadi
24.11.2026 14:06 29 4 dəq oxuma
Siyasət

Azərbaycan-ABŞ əməkdaşlığında yeni imkanlar və strateji perspektivlər

Azərbaycan-ABŞ əməkdaşlığında yeni imkanlar və strateji perspektivlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırlayıb, yeni vəzifəsi ilə bağlı qonağı təbrik edib.

 

 

Mövzu ilə bağlı deputat Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 22-də ABŞ-nin Daxili Təhlükəsizlik naziri Markvin Mullini qəbul etməsi iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişaf etdiyini göstərən mühüm diplomatik təmaslardan biridir. Görüş ikitərəfli siyasi dialoqun davam etdirilməsi baxımından əhəmiyyət daşımaqla yanaşı, regional təhlükəsizlik, Cənubi Qafqazda sülh gündəliyi, nəqliyyat-kommunikasiya layihələri və iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələləri də əhatə edib. Bu məsələlər həm də ABŞ-nin Cənubi Qafqaz siyasətinin əsas istiqamətlərini əks etdirir: 

 

 

“Xartiyanın əhəmiyyəti Azərbaycan-ABŞ münasibətlərinin institusional baxımdan yeni mərhələyə keçidi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır. Çünki uzun müddət iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və regional sabitlik təşkil edib. Hazırda isə əməkdaşlıq gündəliyi daha da genişlənərək iqtisadiyyat, investisiya, rəqəmsal texnologiyalar, süni intellekt, nəqliyyat-logistika və müdafiə sənayesi kimi sahələri əhatə edir”. 

 

 

Deputat qeyd edir ki, xartiyanın mühüm cəhətlərindən biri Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstəyin münasibətlərin təməl prinsipi kimi təsbit edilməsidir. Bu, Azərbaycanın xarici siyasət prioritetləri baxımından olduqca əhəmiyyətlidir. Digər tərəfdən, sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində qalmamasını, konkret əməkdaşlıq mexanizmləri vasitəsilə inkişaf etdirilməsini nəzərdə tutur:

 

 

“Xartiyada iqtisadiyyat, energetika, nəqliyyat, süni intellekt, rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə sahələri üzrə işçi qruplarının yaradılması, layihələrin və onların icrası üçün yol xəritələrinin hazırlanması nəzərdə tutulur. Bu isə Azərbaycan-ABŞ münasibətlərində əvvəlki fraqmentar əməkdaşlığın daha sistemli və uzunmüddətli tərəfdaşlıq modelinə keçidini təmin edən mühüm addımdır”.

 

 

Azər Allahverənovun sözlərinə görə, Regional sülh məsələsinə gəldikdə isə, ABŞ-nin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə verdiyi dəstək, Vaşinqton razılaşmaları və TRIPP layihəsinə münasibəti göstərir ki, Vaşinqton Cənubi Qafqazda formalaşan yeni nəqliyyat və iqtisadi arxitekturada iştirak etmək niyyətindədir. Bu da Azərbaycanın regional proseslərdəki rolunun ABŞ-lə münasibətlər kontekstində əhəmiyyətini artırır:

 

 

“İqtisadiyyat və investisiya imkanlarının Xartiyanın imzalanmasından sonra genişlənməsi diqqət çəkən mühüm məqamlardan biridir. Çünki ABŞ-lə strateji tərəfdaşlığın inkişafı Azərbaycanın Amerika kapitalı və qabaqcıl texnologiyalar üçün daha cəlbedici iqtisadi məkana çevrilməsinə şərait yarada bilər”. 

 

 

Deputat bildiri ki, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, sənaye istehsalının şaxələndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından yeni imkanlar yaranır. Xüsusilə süni intellekt, kibertəhlükəsizlik, kosmik sənaye və müdafiə sənayesi üzrə əməkdaşlıq mühüm istiqamətlərdəndir. Bu sahələrə ABŞ şirkətlərinin investisiya qoyuluşu da gözlənilir. İyun ayında keçirilən iqtisadi dialoq çərçivəsində 8 milyard dollardan artıq kommersiya sazişinin imzalanması bu istiqamətdə praktiki addımların atıldığını göstərir. İkinci mühüm istiqamət isə enerji sahəsində əməkdaşlıqdır. Bu sahədə tərəfdaşlıq da yeni məzmun və perspektivlər qazanır:

 

 

“Çünki ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, enerji sahəsində digər istiqamətlərə də keçid müşahidə olunur. Buraya yaşıl enerji, bərpa olunan enerji mənbələri, zəruri infrastrukturun modernləşdirilməsi və transregional enerji bağlantılarının gücləndirilməsi daxildir. Bu da Azərbaycan-ABŞ enerji əməkdaşlığının daha geniş məzmun aldığını göstərir”.

 

 

Azər Allahverənov Azərbaycanın Xəzər hövzəsində enerji mərkəzi kimi mövqeyini möhkəmləndirməsində ABŞ-lə əməkdaşlığın da mühüm rol oynadığını vurğulayıb. İstənilən halda, Amerika texnologiyalarının cəlb edilməsi baxımından bu istiqamətdə əməkdaşlıq olduqca əhəmiyyətlidir. Tranzit və logistika imkanlarına gəldikdə isə burada iki mühüm istiqamət-Orta Dəhliz və TRIPP layihəsi xüsusi diqqət çəkir. Bu istiqamətlərdə kifayət qədər mühüm işlər həyata keçirilir. Nəticə etibarilə, TRIPP layihəsi çərçivəsində ABŞ-nin iştirakının təmin olunacağını görürük:

 

 

“Söhbət Amerika şirkətlərinin bu prosesdə birbaşa iştirakından, eləcə də ABŞ-lə Ermənistan arasında layihənin istismarı ilə bağlı 99 illik razılaşmanın əldə olunmasından gedir. Bu, ABŞ-nin Cənubi Qafqazdakı mövqelərinin güclənməsinə, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın inkişafına şərait yaradan mühüm amillərdəndir. Azərbaycanla imzalanmış Xartiya da texnologiya, investisiya, innovasiya, regional inteqrasiya və təhlükəsizlik sahələrində mövcud potensialın inkişafını nəzərdə tutur. Bu istiqamətlər üzrə əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirir”.

 

 

Aynur Əhmədli

#gündəm #baki #strateji #perspektivlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər