İtaliya-Azərbaycan iqtisadi əməkdaşlığı: yeni investisiya imkanları hansı sahələrdədir?
İtaliyanın xarici işlər naziri Antonio Tajani Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin və Azərbaycan-İtaliya Biznes Forumunun keçirilməsi nəzərdə tutulur. Görüşlərdə enerji təhlükəsizliyi, investisiyalar, infrastruktur və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və İtaliya əməkdaşlığının genişlənməsi Cənubi Qafqazın iqtisadi inkişafına müsbət töhfə verə bilər:
“İtaliya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Böyük yeddiliyə daxildir və ciddi sənaye potensialına malikdir”.
İqtisadçı qeyd edib ki, Azərbaycan hökuməti İtaliya investisiyalarının ölkəyə cəlb olunmasında və İtaliya şirkətlərinin müxtəlif layihələrdə iştirakında maraqlıdır.
Xalid Kərimlinin sözlərinə görə, alternativ enerji istehsalı, tranzit-logistika imkanları, ənənəvi neft-qaz sənayesi, eləcə də Qarabağ və Şərqi Zəngəzurda əməkdaşlıq imkanları diqqət mərkəzindədir:
“İtaliya şirkətlərinin alternativ enerji istehsalı, tranzit-logistika imkanlarına investisiya yatırması, ənənəvi neft-qaz sənayesində əməkdaşlıq etməsi, Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərməsi imkanlarına baxılır”.
İqtisadçı bildirib ki, Azərbaycan İtaliya bazarına əsasən neft və qaz ixrac edir, digər məhsulların həmin bazara çıxarılması isə hələ də məhduddur:
“İtaliya bazarı zəngin Avropa bazarıdır. Biz hələ həmin bazara çıxa bilmirik, ancaq neft-qaz satırıq. Başqa məhsulları çatdıra bilmirik”.
Aytən Əhmədova