"Britaniyanın Avropa İttifaqı ilə gələcək münasibətləri yenidən müzakirədə"
Böyük Britaniyanın sabiq baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqına yenidən qoşulması ideyasına qarşı çıxıb. Onun bu mövqeyi Brexit-dən sonra Britaniya ilə Aİ arasındakı münasibətlərin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirir ki, Brexit-dən sonra Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətləri yenidən müzakirə mövzusuna çevrilib. İqtisadi çətinliklər və dəyişən geosiyasi vəziyyət ölkənin Aİ-yə yaxınlaşması məsələsini gündəmə gətirsə də, bu fikir Britaniya siyasətində birmənalı qarşılanmır:
"Brexit referendumundan təxminən on il sonra Böyük Britaniyanın Avropa İttifaqına(Aİ) qayıdışı məsələsinin yenidən gündəmə gəlməsi ilk növbədə iqtisadi və geosiyasi reallıqlarla bağlıdır. Aİ-dən ayrıldıqdan sonra ticarət əlaqələrində yaranan maneələr, investisiya mühitindəki çətinliklər və iqtisadi artımla bağlı narahatlıqlar Britaniya cəmiyyətində Brexit-in nəticələrinin yenidən qiymətləndirilməsinə səbəb olub. Digər tərəfdən, beynəlxalq təhlükəsizlik mühitinin dəyişməsi, Rusiya–Ukrayna müharibəsi və transatlantik münasibətlərdəki qeyri-müəyyənlik Londonun Avropa ilə strateji yaxınlaşmasını daha aktual edir. Baş nazir Endi Börnhemin Aİ ilə münasibətləri dərinləşdirmək və gələcəkdə üzvlük imkanlarını nəzərdən keçirmək mövqeyi də müzakirələri intensivləşdirib. Lakin keçmiş baş nazir Tereza Meyin buna qarşı çıxması göstərir ki, Brexit Britaniya siyasətində hələ də ciddi fikir ayrılığı yaradan məsələdir. Meyin mövqeyi xüsusilə mühafizəkar siyasi qüvvələrin arqumentlərini gücləndirə və hökumətin Aİ-yə yaxınlaşma siyasətinə qarşı daxili təzyiqləri artıra bilər".
Ekspert hesab edir ki, Britaniya Avropa İttifaqına yenidən üzv olmadan da ticarət, enerji, müdafiə, texnologiya və miqrasiya sahələrində əməkdaşlığını genişləndirə bilər:
"Noyabrın 20-də keçirilən Britaniya–Aİ sammitində ərzaq ticarəti, karbon emissiyaları və gənclərin mobilliyi istiqamətində əldə olunan razılaşmalar bunun praktik nümunəsidir. Burada əsas məsələ Britaniyanın siyasi suverenliyini qorumaq istəyi ilə Avropa bazarına daha geniş çıxış əldə etmək maraqları arasında tarazlığın müəyyənləşdirilməsidir. Çünki Aİ bazarına daha dərin inteqrasiya müəyyən ortaq qaydaların qəbulunu və qarşılıqlı öhdəlikləri də gündəmə gətirir. Bu baxımdan, yaxın perspektivdə əsas siyasi müzakirələrin tam üzvlükdən daha çox, Britaniyanın Aİ ilə hansı səviyyədə iqtisadi və təhlükəsizlik inteqrasiyasına hazır olması ətrafında aparılması mümkündür".
Ayan Məmmədzadə